Şahmar Mövsümov Dünya Bankında “Neft gəlirlərinin idarə olunması və şəffaflıq” mövzusunda çıxış edib

17 Mart 2011 20:49 (UTC+04:00)

Dünya Bankının Vaşinqtondakı baş ofisində keçirilən Azərbaycan günləri ilə əlaqədar Mərkəzi Bankın sədri Elman Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ABŞ-a səfər edən Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov "Neft gəlirlərinin idarə olunması və şəffaflıq" mövzusunda məruzə ilə çıxış edib.


Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Neft Fondu barəsində tədbir iştirakçılarına geniş məlumat verən Ş.Mövsümov 1994-cü ildən etibarən Azərbaycan Respublikasında həyata keçirilən ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu neft strategiyası çərçivəsində xarici sərmayəçilərlə ölkəmizin neft-qaz ehtiyatlarının birgə işlənməsini nəzərdə tutan bir sıra sazişlərdən danışıb. Ş. Mövsümov eyni zamanda Fonda toplanmış vəsaitlərin səmərəli idarə edilməsi və bu vəsaitlərdən ölkə qarşısındakı mühüm vəzifələrin həllinə yönəlmiş prioritet məsələlər və ölkəmizin sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm ümummilli layihələrin maliyyələşdirilməsi barədə də tədbir iştirakçılarına məlumat verib.


Çıxışının sonunda Fond rəhbəri tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.


Dünya Bankının Vaşinqtondakı baş ofisində keçirilmiş Azərbaycan günləri çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə uğurla tamamlanmış "Maliyyə Xidmətlərinin İnkişafı" layihəsinə dair film də nümayiş olunub. Film layihənin icrası, əldə olunmuş nailiyyətlər və Azərpoçt MMC-də formalaşdırılmış institusional və infrastruktur potensialına əsaslanmaqla yaxın gələcəkdə maliyyə xidmətləri spektrinin daha da genişləndirilməsi məsələlərini əhatə etmişdir. Filmin nümayişindən sonra Azərpoçt MMC-nin baş direktor müavini Nazim Süleymanov tədbir iştirakçılarına layihə barədə ətraflı məlumat verərək iştirakçıları maraqlandıran sualları cavablandırıb.