Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində üçrəqəmli nömrə resursu tətbiq edilməklə "Qaynar xətt" yaradılıb. SMPDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Stasionar və mobil telefonlardan 963 yığmaqla birbaşa Komitənin "Qaynar xətt"inə müraciət daxil olur.
"Qaynar xətt" rabitə əlaqəsi Dövlət Komitəsi tərəfindən texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməsini təmin etmək, eləcə də məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin gücləndirilməsi, istehlakçılarla bu sahələrdə əlaqələrin genişləndirilməsi, istehsal, xidmət, ticarət sahələrində rast gəlinən nöqsan və çatışmazlıqların aradan qaldırılmasında çevik təsir mexanizminin yaradılması, həmçinin neqativ hallara dair operativ məlumat mübadiləsinin təmin olunması məqsədilə əhalinin müraciət və sorğularının cavablandırılması üçün tətbiq edilib.
Komitə 963 "Qaynar xətt" vasitəsilə standartlaşdırma, metrologiya və istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar hüquq pozuntuları və bu sahədə digər narahatedici hallar barədə məlumatları qəbul edir. Daxil olan məlumatlar (şikayət və müraciətlər) məsul şəxs tərəfindən dərhal araşdırılması üçün Komitənin aidiyyəti struktur bölmələrinə ötürülür və müvafiq qaydada icra olunur.