Bu gün Türkiyənin İstanbul şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, daxili işlər naziri Behbud xan Cavanşirin xatirəsi bir daha anılıb. SİA-nın Türkiyə təmsilçisinin verdiyi məlumata görə, 1921-ci il 18 iyul tarixində İstanbul şəhərində qaldığı “Pera Palas” mehmanxanasının qarşısında daşnak erməni terrorçusu Misak Torlakyan tərəfindən qətlə yetirilən Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri olmuş Behbud xan Cavanşirin xatirəsinin əbədiləşdirilmədi məqsədilə bu gün onun qətlə yetirildiyi yerdə ucaldılmış xatirə abidəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycanı Türkiyənin İstanbul şəhərindəki Baş konsulu Məsim Hacıyev, Şişli məmuru Ali Fuat Türkel, Beyoğlu məmuru Mustafa Demirelli, Beyoğlu Bələdiyyə başçısı Haydar Ali Yıldız, Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinin İstanbul təmsilçisi, Büyük elçi Murat Tamer, İstanbul Vali köməkçisi Ahmet Hamdi Usta, Türkiyənin dövlət, hökumət və bələdiyyə nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın dövlət xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri (1918), AXC-nin Ticarət və Sənaye nazirinin müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu Behbud xan Cavanşir 1877-ci ildə Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. 1902-ci ildə Almaniyaya gedib Frayberq Dağ-Mədən Akademiyasına qəbul olan Behbud xan burada mükəmməl təhsil alıb. Akademiyanı fərqlənmə ilə bitirərək mühəndis ixtisasına yiyələnib. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb.
Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra daxili işlər naziri Behbud xan Cavanşir də repressiyalardan qurtulmaq üçün iki qardaşı ilə birlikdə Parisə getmək üçün İstanbula gəlir. Şahzadə başındakı evdə beş gün gizli yaşayandan sonra rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən evi tərk edib "Pere Palas" mehmanxanasına yerləşir. Faciə də burada baş verir. Behbud xanın axşam "Pere Palas" mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulur.
20 iyul 1921-ci ildə, ölümündən üç gün sonra bəzi qüvvələrin müqavimətinə baxmayaraq Behbud xanın Beşikdaşdakı Yəhya əfəndi dərgahındakı dəfn mərasimi kütləvi nümayişə çevrilir. Lakin ingilis hərbiçilərin qərargahın yerləşdiyi Kroker otelində (indiki İstanbul Sənaye Odasının binası) saxlanılan terrorçu Misak Torlakyanın məhkəməsi bilavasitə cinayət hadisəsini deyil, millətlərarası münaqişəni birtərəfli araşdırmaqla siyasiləşdirdi.
Namik Kemal Yıldırım
SİA, İstanbul