Liviyada üsyançılar Qəddafi loyalistlərinin hücumunu dəf ediblər

17 Mart 2011 09:57 (UTC+04:00)

Liviya lideri Müəmmər Qəddafiyə sadiq qüvvələr qərbi Misrata şəhrində üsyançılara hücum edərək azı dörd nəfəri qətlə yetiriblər. SİA-nın xəbərinə görə, şahidlər şəhərin iki istiqamətdən – şərq və cənubdan hücuma məruz qaldığını deyirlər.

Hökumət qüvvələri həmçinin şərqi Əcdəbiyə şəhərini artilleriya atəşinə tutublar, lakin üsyançılar Qəddafi tərəfdarlarının hücumunu dəf etdiklərini və şəhərə tam nəzarət etdiklərini xəbər verirlər. Üsyançılar Qəddafi loyalistlərinin Əcdəbiyə şəhərini tutduqları haqda xəbəri təkzib ediblər.


Bu şəhər üsyançıların başlıca istehkamı olan Benqazi şəhərinə yaxındır. Əcədbiyənin tutulması Qəddafi tərəfdarlarına Benqaziyə gedən yollara nəzarət etmək imkanı verə bilər. Yüngül silahlanmış dağınıq müxalifət qüvvələri son günlərdə Qəddafi loyalistləri tərəfindən şiddətli artilleriya və hava zərbələrinə məruz qalıblar. Üsyançıların qərbə doğru irəliləyişini dayandıran Qəddafi tərəfdarları onları son həftə ərzində 200 kilometr geri çəkilməyə məcbur ediblər.