Azərbaycanda gələn il fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 nəfər müraciət edib. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
M.Pənahov deyib ki, parlament seçkilərində iştirak etmək istəyən 233 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib: "155 nəfərə isə imza vərəqələri verilib".
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.