“Azərbaycanın tanınmış qadınları “Vikipediya”da” - TƏDBİR - FOTOLAR

17 Dekabr 2019 17:42 (UTC+04:00)

MEK-də “Azərbaycanın tanınmış qadınları “Vikipediya”da” mövzusunda təqdimat keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan MEK direktoru Leyla İmanova Mərkəzi Elmi Kitabxananın (MEK) Azərbaycanda informasiyanın kontent təhlükəsizliyinin Vikipediya fəaliyyətini Milli Rəqəmsal Yaddaş bazasının formalaşdırılması ilə yanaşı vacib komponentlərindən biri olduğunu vurğulayıb. Vikipediyanın Azərbaycan dil bölməsi üzrə statistikasının dinamikasını, eləcə də fəaliyyət alqoritmi barəsində məlumat verib.

Sərbəst Ensiklopedik Resurslar şöbəsinin əməkdaşı Mahirə Niftullayeva öz çıxışında Vikipediya Metodik Mərkəzinin komandasının həyata keçirdiyi böyük layihələri, qarşısında duran məqsədləri və “Azərbaycanın tanınmış qadınları “Vikipediya”da” adlı layihəni təqdim edib.

Akademik İsa Həbibbəyli Azərbaycanda son zamanlar “vikipediya fəaliyyəti” ifadəsi ilə yanaşı “vikipediya hərəkatı” ifadəsinin daha tez-tez səslənməsini, MEK Vikipediya Metodik Mərkəzi tərəfindən istənilən mövzunu əsaslı təhlil olunmasını və işlənilməsini, komandanın həvəskarlıqdan peşəkarlığa qədər yol keçməsini vurğulayıb.

Müzakirələr zamanı Vikipediyanın Azərbaycan dil bölməsində məqalələrin sayının 152000-i ötməsi və 49-cu pilləyə qalxması, Metodik Mərkəzin könüllüləri tərəfindən Vikipediyanın 15-dən artıq xarici dil bölməsində Azərbaycana dair məqalələrin yerləşdirməsi, Vikipediyanın elmiləşməsi səsləndirilib.

Akademik İsa Həbibbəyli Vikipediyanın xarici dil bölmələrində fəaliyyətin gücləndirilməsini, məqalələrin daha çox etibarlı istinadlarla təmin olunmasını tövsiyə edib.

Tədbirin sonunda MEK-in Vikipediya Metodik Mərkəzin bütün əməkdaşlarına Vikipediyanın Azərbaycan və xarici dil bölmələrində yaratdıqları məqalələrə, bununla da Azərbaycanda informasiyanın kontent təhlükəsizliyinə verdikləri dəyərli töhvəyə görə təşəkkürnamələr təqdim olunub.