“Ara qarışdırmaq müxalifət partiya sədrlərinin həyat tərzidir” RƏY-ÖZƏL

17 Dekabr 2019 16:55 (UTC+04:00)

"Aksiyalar keçirmək, ara qarışdırmaq müxalifət partiya sədrlərinin həyat tərzidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, demək olar ki, ölkəmizdə keçirilən bütün seçkilərdə bunlar anormal mövqe sərgiləyiblər: "Ancaq onlar çox gözəl bilirlər ki, “boykot” yolu tutmaqla və ya təxribatlar törətməklə heç nəyə nail ola bilməyəcəklər. “Milli Şura” və AXCP əvvəlcə bu seçkiləri “boykot” etmək şüarı ilə çıxış etdilər və gördülər ki, səslərinə səs verilməyir, başladılar aksiyalar çağırışı etməyə. Bu üzdəniraq müxaliflər dərk etmirlər ki, sən iştirak etməsən seçki keçirilməyəcək? Bir sözlə, bunlar ölkədə hər dəfə seçki keçiriləndə anormal mövqeləri ilə özlərini reklam etmək istəyirlər. İndi isə adları çəkilən bu qüvvələr radikal addım atırlar ki, mitinqlər yolu ilə seçkiləri pozsunlar. Bu metod və göstəriş müxalifət düşərgəsini təmsil edən bu şəxslər xaricidə olan havadarlarından gəlib . Onlar göstərişləri yerinə yetirməklə ölkədə xoşagəlməz bir vəziyyət yaratmaq istəyirlər. Lakin məkrli niyyətləri heç zaman baş tutmayacaq. Xalq onları rədd edir və bundan sonrada belə olacaq. Onların istəkləri seçkilərin keçirilməsi idi, bu onlara verildi, gəlsinlər seçkilərə və nəyə qadir olduqlarını göstərsinlər. Bir sözlə, bu günə qədər ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gələn radikal müxalifət çox yaxşı bilir ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Seçkidə iştirak etsələr belə, onları ancaq acı seçki məğlubiyyəti gözləyir".