Paşinyana cavab: Vanesyan əlil oğlunu xidmətə göndərir

17 Dekabr 2019 15:37 (UTC+04:00)

Artur Vanesyanın oğlu yaxın günlərdə ordu sıralarına çağırılacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti 17 dekabr tarixli sayında yazır.
Qəzeti yazır ki, "Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanesyanın böyük oğlu Artyom yaxın günlərdə ordu sıralarına çağırılacaq.

Nəşrin yazdığına görə, “Vanesyanın oğlu Hüquq Fakültəsinin birinci kurs tələbəsidir. Müəyyən sağlamlıq problemlərinə və bu səbəbdən də onun orduya çağrılmasının ən azı 6 ay təxirə salınmasına baxmayaraq, valideynləri təxirə salınmadan imtina ediblər. Ola bilsin ki, yeni ildən də öncə Artur Vanesyanın oğlu Artyom xidmətə çağırılacaq.

"Qraparak" qəzetinin yazdığına görə, Artyomun harada xidmət edəcəyi barədə valideynlərinin heç bir təsəvvürü belə yoxdur və onlar deyirlər ki, hər şeyi püşkatma həll edəcək. Üstəlik, bir neçə aydan sonra üçüncü uşağı dünyaya gətirəcək Artyomun anası Nona Vanesyan, hərbi xidmətin məcburi olduğunu söyləyib.

Görünür, Paşinyana cavab jesti olaraq Vanesyan sağlamlıq problemi olan oğlunu belə xidmətə göndərir. Əks halda, yəni belə bir jestə ehtiyac olmadığı təqdirdə sağlamlıq problemləri səbəbindən ən azı 6 ay təxirə salınan gəncin ordu sıralarına cəlb olunmasına onun valideyni cəhd etməzdi.