"Dünyəvi dövlətdə din və təhsil” FOTOLAR

17 Dekabr 2019 15:13 (UTC+04:00)

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Asif Abbasov bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Eyni zamanda, A. Abbasov rayondakı dini durum barədə ətraflı məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycan xalqının əsrlər boyu mövcud olan tolerantlıq və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Sədr müavininin sözlərinə görə, Prezident İlham Əliyev hər zaman Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxlayır. DQİDK-nın sədr müavini Gündüz İsmayılov onu da vurğulayıb ki, ibadətlə yanaşı, İslam dini birliyə və həmrəyliyə böyük önəm verir: “Dinimizin əsas məqsədlərindən biri də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, bilikli, elmli savadlı nümunəvi vətəndaş formalaşdırmaqdır”-,deyə natiq əlavə edib. G.İsmayılov qeyd edib ki, İslam dini meydana çıxdığı gündən elmə böyük dəyər verib, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib.

Sədr müavini çıxışı zamanı milli və dini dəyərlərimizin mahiyyətindən bəhs edib, bu dəyərlərin qorunmasının vacibliyinə toxunub. Natiq vurğulayıb ki, yad dini ideologiyaların yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin doğru aparılmasından asılıdır.

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.