“Bahar bayramı, sənət meydanı”

17 Mart 2011 02:56 (UTC+04:00)
Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyində Novruz bayramı münasibəti ilə peşəkar və həvəkskar rəssamların, xalq yaradıcılığı ilə məşğul olan sənətkarların əl işlərindən ibarət "Bahar bayramı, sənət meydanı" adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, sərgidə ilk olaraq çıxış edən muzeyin direktoru Roza Tağıyeva bildirib ki, Novruzun gözəl adətlərindən biri də odur ki, hər kəs bir- birini sevindirməyə çalışır: "Biz də istədik ki, bu adətlərin yaşadılmasında kiçik əməyimiz olsun. Muzeyimizin tamaşaçılara bayram töhfəsi olan bu sərgidə hər kəs bayram əhvalı, coşğusu görə bilər".

Bu sərginin də Novruz bayramı ərəfəsində açılmasının da təsadüfi olmadığını deyən R. Tağıyeva: "Sanki bu sərgi özü də məharətlərin bəhsi girdiyi kiçik bir sənət meydanını xatırladır. Min bir rəngin ahəngindən yaradılan əsərlərdə biz həm müasirliyi, həm də qədim köklərə bağlılığı görə bilərik. Novruz bayramında süfrələrimizin bəzəyi olan şəkərbura, paxlava, şorqoğalının forması və naxışları qədim dövrlərdən bu torpaqda yaşayan əcdadlarımızın səma cisimlərinə- günəşə, aya, ulduzlara olan inamını əks etdirir. Burada nümayiş olunan əsərlərin müxtəlif həndəsi və nəbati formalı naxışlardan istifadə olunaraq işlənməsi bu ənənənin yaşadıldığının ən parlaq nümunəsi ola bilər",- deyə əlavə edib.

Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər tətbiqi sənətin müxtəlif növlərində qobelen, bədii tikmə, xalça məmulatları, kiçik heykəllər, bəzək əşyaları, metal işləmələr, muncuq, daş, qranit və başqa materiallardan hazırlanıb.