Ağ Şəhərdə əhəmiyyətli piyada keçidi və yolayırıcı açılır

16 Dekabr 2019 12:30 (UTC+04:00)

Ağ Şəhərin yeni Mərkəzi Bulvar küçəsi şimalda Xəqani Rüstəmov küçəsindəki dairədən başlayıb Nobel prospektini kəsərək, gələcəkdə inşaası nəzərdə tutulan Bulvar yoluna birləşir. SİA-nın məlumatına görə, eni 37 metr, uzunluğu 2 km-ə yaxın 4 zolaqlı Mərkəzi Bulvar küçəsi ilə Nobel prospektinin kəsişməsində avtomobillərin, piyadaların və velosipedçilərin mütəşəkkil hərəkətini təmin etmək üçün xüsusi yolayrıcı layihəsi işlənilib, həyata keçirilir.

Bu yolayrıcında piyada və velosipedçilərin üstünlüyünü qeyd edən zolaqlar və yol nişanları, qoruyucu tumbalar nəzərdə tutulub. Şəhər sakinlərinin əlavə rahatlığı üçün Bakı Ağ Şəhər Baş Planında uyğun olaraq Nobel prospekti boyunca uzanan eni 20 metrədək olan yaşıllaşdırılmış piyada zolağında həmçinin ikitərəfli velosiped yolunun salınması da nəzərdə tutulmuşdur.

Qərbdə Nobel prospektinə açılan London memarlıq üslubunda layihələndirilmiş möhtəşəm Knighstbridge Residence kompleksi və şərqdə böyük park kompleksinin arasında yerləşən yolayrıcı vasitəsilə avtomobillər Nobel prospektindən Ağ Şəhər kvartallarına daha bir keçid əldə edirlər.

Mərkəzi Bulvar küçəsinin tamamlanması istiqamətində işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Eyni zamanda yol boyu Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidməti, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB, Delta Telekom və UlTel MMC tərəfindən yerüstü və yeraltı infrastruktur işləri - arabalar üçün panduslar, qoruyucu tumbaların, videokameraların quraşdırılması, su təchizatı, kanalizasiya və yağış suları sistemləri, qaz təminatı boruları, elektrik xətləri və İT kanal sistemləri çəkilməsi təmin edilib.

Növbəti məlhələdə Mərkəzi Bulvar küçəsinin Nobel prospekti ilə kəsişməsinin işıqforla tənzimlənməsi, Bulvar yoluna birləşməsi və avtomobillərin bu küçəylə birbaşa Sahilyanı kvartala və Ağ Şəhər Bulvarına hərəkəti planlaşdırılır.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.