“Neftçi” “Sumqayıt”ı, “Qarabağ” isə “Keşlə”ni qəbul edəcək

16 Dekabr 2019 09:56 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha 2 ilk oyunu keçiriləcək. SİA-nın məlumatına görə, qarşılaşmalar Premyer Liqada fasiləyə ön pillələrdə çıxmış komandaların iştirakı ilə təşkil olunacaq.

Əvvəlcə "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Bu kollektivlər ötən mövsüm də eyni mərhələdə görüşüblər. Həmin vaxt "gənclik şəhəri" təmsilçisi iki oyunun nəticəsində (0:2, 1:0) uduzaraq, mübarizəni dayandırmalı olub. Başqa sözlə, hər iki komanda səfərdə qalib gəlib, evdə oynayan tərəf qol vurmayıb. Bu mövsüm isə çempionat qarşılaşmalarında flaqman hər iki matçdan qalib ayrılıb - 2:1, 4:2. 14 turdan sonra "Neftçi" 25 xalla 2-ci, "Sumqayıt" 18 xalla 4-cü pillədə qərarlaşıb.

Günün son matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" və "Keşlə" komandaları arasında keçiriləcək. Ağdam komandası çempionatda mövsümün ilk yarısını 31 xalla lider, paytaxt təmsilçisi isə 23 xalla 3-cü pillənin sahibi kimi başa vurub. Amma "Keşlə" son illərin çempionuna ciddi müqavimət göstərməyi bacarıb - 0:1, 2:2. İndiyədək iki klub arasında ölkə kubokunda 9 görüş keçirilib. Bunların 5-də "Qarabağ", 2-də "Keşlə" qələbə qazanıb, daha 2 matç heç-heçə ilə yekunlaşıb. Yubiley oyunu öncəsi top fərqində Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv öndədir - 11:6.

Ötən mövsüm də bu komandalar 1/4 finalda qarşılaşmışdılar. Həmin vaxt "Qarabağ" iki oyunun nəticəsində (1:0, 1:1) mərhələ adlamışdı. Ümumilikdə isə iki klubun ölkə kubokunda yolları 5 dəfə kəsişib. 3 dəfə “Qarabağ”, 2 dəfə “Keşlə” duelin qalibi olub. Son 5 görüşdə bakılılar qələbə qazanmayıb.

Azərbaycan Kuboku

16 dekabr (bazar ertəsi)

18:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

“Bakcell Arena”

20:00. “Qarabağ” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu.