Bakı sakinlərinin illərdir gözlədiyi metrostansiya hazırdır

15 Dekabr 2019 11:31 (UTC+04:00)
"Bənövşəyi xətt"in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, "Papanin" kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq. SİA-nın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir. Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum rəsmisi bununla bağlı qərarın Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcəyini bildirib: "Tərəfimizdən B-3 stansiyasının adı ilə bağlı hər hansı müzakirə aparılmayıb və təklif verilməyib. Əgər Nazirlər Kabineti tərəfindən adla bağlı bizə müraciət daxil olarsa, müzakirə edilə bilər. Hələlik belə müraciət yoxdur".