Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi beynəlxalq biznes forum təşkil edəcək

15 Dekabr 2019 01:49 (UTC+04:00)

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsi 2021-ci ildə beynəlxalq biznes forum təşkil edəcək.

SİA xəbər verir ki, dekabrın 14-də MÜSİAD Azərbaycanda kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. MÜSİAD Azərbaycanın idarə heyətinin sədri Abdurrahman Uzun bildirib ki, belə bir mötəbər tədbir bu il Bosniya və Herseqovinada keçirilib, biznes forumda minədək iş adamı iştirak edib. Həmin formatda forum gələn il Türkiyədə, 2021-ci ildə isə Azərbaycanda keçiriləcək. Bu tədbirlərdə də təqribən minədək iş adamının iştirakı gözlənilir.

O deyib ki, MÜSİAD Azərbaycan fəaliyyət göstərdiyi dövrdə ölkəyə bir çox türk iş adamı dəvət olunub və onlar Azərbaycandakı investisiya imkanları ilə bağlı məlumatlandırılıb: “Gələn il türk şirkətlərinin Azərbaycana əlavə sərmayə yatırmalarına dair zəruri işlər görüləcək ki, bu da bizim ən böyük hədəfimizdir. İstisna deyil ki, Türkiyə və Azərbaycan iş adamlarının əməkdaşlığı ilə birgə müəssisələr yaradıla bilər”.

“MÜSİAD Azərbaycana 51 şirkətin üzvlülüyü var və bu rəqəmin gələn il 100-ə çatdırılması hədəflənir. Dərnəyə üzv şirkətlər tərəfindən Azərbaycana investisiya yatırılıb. MÜSİAD-ın 90 ölkədə ofisi və nümayəndəlikləri var. Biz həmin ölkələrdə də Azərbaycana sərmayə qoyuluşları və əməkdaşlıq əlaqələrinin yaradılmasına dair təşviqat aparırıq. Bu istiqamətdə işlər gələcəkdə daha da artırılacaq”, - deyə A.Uzun əlavə edib.

Bildirilib ki, MÜSİAD Azərbaycan ötən il yanvarın 1-dən Bakıda fəaliyyət göstərir, 35 üzvü və 1000 nəfəri məşğulluqla təmin edir.