“Boko Haram” terror qruplaşmasının silahlıları Maqumeri şəhərində 15 nəfəri qətlə yetiriblər

15 Dekabr 2019 00:55 (UTC+04:00)

“Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətindəki Maqumeri şəhərinə hücum edərək ən azı 15 nəfəri öldürüblər.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Sinhua” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Silahlılar ötən gün axşam saatlarında 11 avtomobillə Maqumeriyə gəliblər və atışma baş verib. Məlumata görə, atışmada 8 yerli hərbçi, təhlükəsizlik əməkdaşı və 6 mülki şəxs ölüb.

Şahidlər terrorçuların ağır pulemyotlardan istifadə etdiklərini bildirirlər. Nigeriya ordusu hadisə ilə bağlı hələ məlumat verməyib.