"Milli mətbəximizin zənginliyi tariximizdir" - TƏDBİR

14 Dekabr 2019 19:47 (UTC+04:00)

"Resurs" Analitik İnformasoiya Mərkəzi İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birlikdə Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki şəhərindəki "Marxal" İstirahət Kompleksində "Milli mətbəximizin zənginliyi tariximizdir" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən öncə qonaqlar Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olan qədim Şəkinin gəzməli-görməli yerləri, xüsusən Şəki Xan Sarayı ilə tanış olublar.

Tədbirdə "Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri, siyasi ekspert Rasim Quliyev çıxış edərək rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti, gələcək planları, qarşıda duran vəzifələrdən danışıb. R.Quliyev həmçinin tədbir haqqında ətraflı məlumat verərək milli mətbəximizin xalqımızın tarixində, mədəniyyətində, xarici ölkələrdə apardığımız təbliğatda mühüm yer tutduğunu qeyd edib. Bildirib ki, tədbirin keçirilməsində Şəki şəhəri heç də təsadüfən seçilməyib. Çox böyük inkişaf yolu keçən Şəki mətbəxi xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib. Şəkinin məşhur şirniyyatçılarının əldə etdiyi təcrübə, vərdiş, bilik və bacarıqlar daim zənginləşib və bu günümüzə qədər gəlib çatıb.

Heydər Əliyev Mərkəzinin Şəki bölməsinin, Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun, Şəki şəhər Sənətkarlar Evinin sədrləri çıxış edərək Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği ilə bağlı görülən işlərdən danışıblar. "Müasir Azərbaycan Qadını" İctimai Birliyinin sədri Kəmalə xanım Muradlı, "Elin Səsi" Milli Dəyərlərimizə Dəstək" Təşkilatının təmsilçisi Ziya Yaqublu, yenilik.az və aydınlıq.az saytlarının baş redaktoru Xanlar Fətullayev, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktorunun müavini Ceyran Əsgərova, "Simurq Azərbaycan" Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Svetlana Bayramova tədbir barədə öz fikirlərini bildiriblər.

Tədbirdə SƏS Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev və "Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədr müavini İsmayıl Quliyev iştirak ediblər.