Bələdiyyə seçkilərində namizədlərin 30 faizdən çoxu qadınlardır - ÖZƏL TƏDBİR

13 Dekabr 2019 12:44 (UTC+04:00)

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 23 dekabrda keçirilən bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, Azərbaycanda digər regionlardan fərqli olaraq seçkilər elan olunduqdan sonra, ölkədəki stabil ictimai-siyasi mühit, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı sahəsində vəziyyət, seçkilərə hazırlıq səviyyəsi və seçki administrasiyasının fəaliyyəti demokratik və şəffaf seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır: "Son illər Azərbaycanda keçirilən tədbirlər də bunu sübut edir, o cümlədən NATO və Rusiyanın baş qərargah rəislərinin Azərbaycanda görüş keçirməsi də bundan xəbər verir" .

O bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı 1 noyabr - 13 dekabr 2019-cu ildə AVCİYA KİV-lərin monitorinqini həyata keçirib: "Noyabrda seçkilərlə bağlı 514 xəbər , dekabrın 1-dən indiyədək isə 325 xəbər dərc olunub. Monitorinq sübut edir ki, ümumiyyətlə noyabrda seçki xəbərləri xəbərlərin ümumi sayının 40,8% -ni, dekabrın 1-13-arasında isə 54,77 %-ni təşkil edib. Bu da seçkiyə KİV-lərin daha çox maraq göstərməsini sübut edir".

M.Zülfüqarlının sözlərinə görə, namizədlərin qeydə alınması ilə bağlı problem aşkarlanmayıb: "Namizədlərin 30 faizdən çoxu qadınlardır. Azərbaycanda keçirilən seçkilərdə qadın namizədlərin sayı getdikcə artır. Bundan başqa, yaşı 20-dən aşağı 300-dən namizəd qeydə alınıb".