Repetitorluq fəaliyyətini necə məktəbə gətirək? ARAŞDIRMA

13 Dekabr 2019 12:19 (UTC+04:00)

Son illər leksikonumuza geniş şəkildə daxil olan repititor ifadəsi, demək olar ki, bütün ailələrin bir parçasına çevrilib. Hər birimizin evində məktəbli, tələbə, hətta dövlət qulluğuna hazırlaşan bir kimsənin olduğunu nəzərə alsaq, bu o deməkdir ki, əksəriyyətimizin həyatı repititordan asılı vəziyyətə düşüb. Ekspertlərin də fikrincə repititor yanına getməki həm sağlamlıq, həm sosiallaşma, həm də ən əsası ailələrin büdcəsinə ziyanlıdır. Son günlərdə baş verən qəzada həlak olanlar ikisinin repititor yanından gəldiyini nəzərə alsaq, repititorluğun bizə hətta həyatımız başına gəldiyini görmək mümkündür. Belə olan halda, bizi repititor yanına getməyə nə məcbur edir? Bunun qarşısını necə ala bilərik?

Repetitor nədir?

İlk növbədə repetitor kim və onların necə fəaliyyət göstərdiyinə nəzər salaq. Belə ki, repetitor - mürəbbi haqqı valideynin hesabına ödənmək şərti ilə şagirdə təkbətək və ya qrup halında dərs deyən müəllimdir. O, adətən, dərslərində daha yaxşı nəticə əldə etmək, müxtəlif özəl təhsil müəssisələrinə, universitetlərə qəbul imtahanlarında uğur qazanmaq istəyən şagirdlərə müəyyən fənn və ya fənlərdən dərs verir. Repetitorlar, adətən, mövcud əmək haqqının tələbatını ödəməyə kifayət etməyən, əlavə pul qazanmaq istəyən, təqaüdə çıxmış müəllimlər və ya ali təhsilini bitirib iş tapa bilməyən gənc müəllimlərdən ibarətdir. Repetitorlar daha çox dərs dedikləri məktəbdə, evlərində, şagirdin evində və ya müxtəlif kurslarda çalışırlar.

“Kölgə təhsili”nin yaxşı və pis tərəfləri

Təhsil üzrə ekspert Etibar Əliyev artıq 20 ildən çoxdur ki, repetitor xidmətinin yaxşı və pis tərəflərinin daim müzakirə olunduğunu dilə gətirib.

O bildirib ki, bu istiqamətdə Qərbdə təhsil mütəxəssislər tərəfindən ciddi tədqiqatlar aparılır: “Mark Breynin hətta “Kölgə təhsili” ilə bağlı kitabı da var. Rusiyada da repititor xidməti kölgə təhsili adlanır. Lakin bu istiqamətdə aparılan sorğuların birində 913 tələbə iştirak edib. Onların 93 faizi məhz repetitor sayəsində ali məktəbə daxil olduqlarını bildiriblər”.

Ekpsert söyləyib ki, repetitor “bəla”sı bir çox dünya ölkələrində olsa da, daha çox post sovet ölkələrini əhatə edir: “ Qərbdə repetitorluq tamamilə başqa xarakter daşıyır. Bu xidmətin vətəndaşlara ən böyük zərbəsi sağlamlıq, zaman, ailələrin büdcə və ən əsasə isə məktəb təhsilinədir. Ali məktəbələrə qəbul imtahanı keçirən orqan Dövlət İmtahan Mərkəzi hesab edir ki, onlar qəbul prosesi zamanı proqramdan kənara çıxmır. Amma buna baxmayaraq ölkəmizdə repetitor xidməti getdikcə genişlənir”.

E.Əliyev qeyd edir ki, repetitor xidmətinin qarşısının alınması istiqamətində həm dövlət, həm də ictimaiyyət tərəfindən ciddi işlər görülməlidir: “Çünki repetitor məktəb təhsilini zəiflədir, yuxarı siniflərdə isə şagirdlərin sosiallaşmasının qarşısını alır. Bunun qarşısının alınması üçün məktəblərdə təhsilin səviyyəsi daha da genişləndirilməlidir. Düzdür ölkəmizdə müəllimlərin işə qəbulu istiqamətində mühüm addımlar atılır. Amma bununla yanaşı, repetitor fəaliyyəti qalmaqdadır”.

Necə mübarizə aparaq?

Ölkəmizdə bu sahə ilə bağlı mübarizənin repetitorluğa deyil, daha çox repetitorlara qarşı aparıldığını deyən təhsil eksperti Kamran Əsədov söyləyib ki, bu gün ali məktəblərə qəbul nəticələri daha çox repititorlardan asılıdır: “Təhsil Nazirliyi tərəfindən müəllim qəbulu şəffaf şəkildə aparılır. Lakin hər kəs istər ali məktəbə, istər buraxılış, istər dövlət qulluğuna, hətta müəllim qəbulu ilə bağlı imtahandan keçmək üçün repetitor yanına gedirlər”.

Ekspert qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən repetitorluğun qarşısının alınması üçün məktəblərdə təmayülləşmə aparılır: “Bununla da məktəblilər seçəcəyi sahəyə uyğun olaraq təmayül sinifində təhsil almaq imkanı qazanırlar. Bununla yanaşı, ölkəmizdə magistr imtahanları ilə bağlı islahatlar həyata keçirilir. Amma bütün bunlarla yanaşı etiraf etməliyik ki, bu gün dərsliklərimiz çox ağırdır. Həttə bəzən valideynlər belə sualların cavabını övladlarına başa sala bilmirlər. Ona görə də məcbur olub repetitor yanına göndərirlər. Bununla yanaşı, ali məktəblərə qəbul imtahanlarında istifadə olunan test tapşırıqları da çətindir. Qəbul imtahanı bilikləri deyil, bacarıqları yoxlamalıdır. Bu baxımdan deyə bilərik ki, repetitorluğu doğuran səbəblərindən biri çətin dərsliklər, qəbul qaydalarının çətin olmasıdır”.