"Son dəqiqədə qələbəni əldən vermək bizi məyus edir" - "Düdelanj"ın baş məşqçisi

13 Dekabr 2019 00:46 (UTC+04:00)

"Çox təəssüflənirik".

SİA xəbər verir ki, bu sözləri "Düdelanj"ın baş məşqçisi Bertran Krasson deyib.

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"ın qonağı olan Lüksemburq təmsilçisi qələbəni son dəqiqələrdə əldən verib - 1:1.

Oyunsonrası mətbuat konfransında Krasson bildirib ki, qələbəyə layiq mübarizə aparıblar: "Qarşılaşmadan razıyıq. Üstünlük bizdə idi. Rəqib meydanında oynamağımızı da unutmayaq. Nəticədən narazı, oyundan razıyam".

- Öz meydanınızda məğlub olduğunuz rəqiblə səfərdə heç-heçəyə niyə narazı qaldınız?
- Fəxr edirik ki, belə güclü rəqiblə oynadıq. Amma son dəqiqədə qələbəni əldən vermək bizi məyus edir. "Qarabağ"ın 10 nəfərdə bərabərlik qolunu vurmasına üzüldük.

- Oyun zamanı köməkçinizlə necə əlaqə saxladınız?
- Telefon vasitəsilə. Bunu öncədən müəyyənləşdirmişdik. Futbolçularımdan razıyam, hamısı məsuliyyətli oynadı. Onların böyük potensialı var, çıxışımızda irəliləyiş də görünür.

- Sayılmayan qolunuz barədə nə düşünürsünüz?
- Sadəcə təəssüflənirik. Hər oyunda belə hal yaşana bilər. Təəssüf ki, videorəkrara baxmaq imkanı olmur.

- Oyun əhəmiyyətini itirsə də, razılıq bildirdiniz...
- Mənası olmasa da, hər oyun bizə yeni macəra, təcrübə qazandırır. Bu, gələcək seçimlərə daha yaxşı təsir edəcək.