Yaponiyada baş verən son hadisələr

16 Mart 2011 20:07 (UTC+04:00)

Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində ölən və itkin düşənlərin sayı artmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son məlumata əsasən, ümumilikdə 2 475 nəfər ölüb, 13 118 nəfər isə itkin düşmüş hesab olunur. 72 945 tikili tamamilə və ya qismən dağılıb. İlkin olaraq zəlzələnin 8,9 bal gücündə baş verdiyi bildirilsə, sonradan zəlzələnin gücünün episentrdə 9,0 bal təşkil etdiyi müəyyən edilib. Ölkənin Fukusima prefekturasında yerləşən "Fukusima Daichi" (Fukusima-1) AES-da 2-ci və 4-cü reaktorda partlayış baş verib. Baş vermiş 2-ci partlayış yanğına səbəb olub. Yanğın hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Stansiyanın 2-ci reaktorunda baş vermiş partlayış konteynerlərdən birinin zədələnməsinə səbəb olub. Nəticədə, radiasiya sızması təhlükəsinin yarandığı və nüvə yanacağının əriməsi ehtimalının da istisna olunmadığı qeyd olunur. Son hesablamalara görə, qeyd olunan AES-da baş vermiş partlayışlar nəticəsində ətraf ərazilərdə radioaktiv fon yüksəlib. Təhlükəsizlik tədbirləri çərçivəsində stansiyanın 20 kilometrlik radiusunda məskunlaşmış insanlar təxliyyə olunub, 20-30 km radiusunda yaşayan insanlara müvəqqəti olaraq yaşayış yerlərini tərk etməmək tövsiyə olunub.

 

Həmçinin, stansiyanın 30 km radiusunda yerləşən hava məkanı qeyri-uçuş zonası elan edilib. İbaraki və Kanaqava prefekturalarında radioaktiv fonun normadan dəfələrlə artıq olduğu, ölkənin paytaxtı Tokio şəhərində isə radiasiyanın kiçik miqdarda yüksəlməsi qeyd olunur.

 

Hazırda "Fukusima Daini" (Fukusima-2) AES-da 4 reaktordan 3-nün soyudulma sisteminin bərpa edildiyi və vəziyyətin nəzarətə alındığı, 4-cü reaktorun soyudulması sisteminin bərpası üçün isə müvafiq işlərin görüldüyü qeyd olunur. Hadisə bölgələrində elektrik enerjisi ilə təchizatın tamamilə sıradan çıxmasının qarşısını almaq məqsədilə elektrik enerjisi növbə ilə verilir. Mütəxəssislər ölkə ərazisində yeraltı təkanların davam edəcəyini proqnozlaşdırır. Yaranmış vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi davam edir.