Ulu Öndərin əziz xatirəsi “Azərxalça”nın filiallarında ehtiramla yad edilib FOTOLAR

12 Dekabr 2019 18:32 (UTC+04:00)

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) filiallarında tədbirlər keçirilib. Filialların kollektivləri əvvəlcə Ulu Öndərin abidəsini ziyarət ediblər.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, tədbirlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna nəzər salınıb, xalqımız qarşısındakı tarixi xidmətləri böyük minnətdarlıqla xatırlanıb.

Qeyd olunub ki, Ulu Öndərin adı milli dövlətçiliyimizin simvolu kimi səslənir. Qüdrətli şəxsiyyət Heydər Əliyevin mənalı həyat yolu və fəaliyyəti tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbidir. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, indiki və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir.

Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın müstəqil dövlət qurmaq arzusu reallaşdırılıb, Azərbaycan bütün dünyada tanınan qüdrətli bir dövlətə çevrilib.

Bildirilib ki, Ümummilli Lider hələ sovet dövründə xalqımızın tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biri olan xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi Ulu Öndərimizin müstəqil Azərbaycanın qurulması yolundakı mühüm xidmətlərindən biridir.

Müstəqillik qazandıqdan sonra Azərbaycanda dövlət tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilib. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunub, "Azərxalça" yaradılaraq onun filialları fəaliyyətə başlayıb.

Əgər Heydər Əliyev olmasa idi, nə müstəqil dövlətimiz olardı, nə də milli sənət növümüz olan xalçaçılıq belə inkişaf etdirilərdi.

Vurğulanıb ki, Ulu Öndərin əbədiyyətə qovuşmasından ötən 16 illik zaman kəsiyi xalqımıza bu fenomen şəxsiyyətin milli dövlətçilik tariximizdəki yerini və rolunu daha dolğun dəyərləndirmək imkanı verir.

İllər, qərinələr ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı möcüzələr daha aydın görünəcəkdir. Zaman keçdikcə Ulu Öndərimizin böyüklüyünü daha çox hiss edəcəyik.

Xüsusilə qeyd edilib ki, xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yaşadır. Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman doğulub böyüdüyü torpağı, xalqı, milləti üçün əbədi olaraq qalacaq.