Müsavatçı jurnalist partiya rəhbərliyini nədə ittiham etdi? DAHA BİR SUÇ!

12 Dekabr 2019 15:47 (UTC+04:00)

Yafəz Əkrəmoğlu: “Müsavatın bu addımı söz vә ifadә azadlığına hücumdur, tәnqidlәrә dözümsüzlüyün göstәricisidir”.

Müsavat Partiyasının fəallarından sayılan və hazırda Avropada yaşayan Yafəz Əkrəmoğlunun təmsil olunduğu siyasi təşkilat rəhbərliyinə qarşı ittihamlarının ardı-arası kəsilmir. Artıq mətbuatdan da bəlli olduğu kimi, Yafəz Əkrəmoğlu bir neçə dəfə partiyanın başqanı Arif Hacılı da daxil olmaqla, onun yaxın ətrafı və qruplaşma üzvlərini mühacir biznesinə qurşanmaqda, saxta vəsiqələr və arayışlar verməkdə ittiham edib, bu xüsusda əlindəki bütün faktları ictimai rəyin diqqətinə çatdırıb.

SİA xəbər verir ki, Avropada yaşayan müsavatçı eyni zamanda sosial şəbəkələr vasitəsi ilə də təmsil olunduğu siyasi qurum rəhbərliyini ifşa edir, nəinki mühacir bznesində, eyni zamanda söz və ifadə azadlığını pozmaqda da suçlayır. O. təəssüflə bildirir ki, baş verən hadisələr fonunda törətdikləri əməllərini etiraf edərək, üzr istəmələri yerinə, Müsavatın rəhbərliyi bir az da irəliyə gedərək, onu məhkəməyə veriblər. Belə ki, bu günlərdə “Mühacir alveri ilә bağlı apardığım jurnalist araşdırmasında (kiçik bir hissәsini zaman-zaman paylaşmışam) Müsavat Partiyasının da adını çәkdiyimә görә, partiya rәhbәrliyi (Gülağa Aslanlı) mәni mәhkәmәyә verib”, deyə status paylaşan Yafəz Əkrəmoğlu partiya rəhbərliyini dözümsüzlükdə də günahlandırıb: “İlk öncә onu bildirmәk istәyirәm ki, Müsavatın bu addımı söz vә ifadә azadlığına hücumdur, tәnqidlәrә dözümsüzlüyün göstәricisidir”.

Tərəflər arasında ittihamlar bu gün də davam edir və başqan Arif Hacılıya yaxınlığı ilə seçilən müsavatçılar tapşırıq əsasında Yafəz Əkrəmoğluna qarşı söyüş, təhqir kampaniyalarına start verblər. Artıq belə güman etmək olar ki, Müsavatı Avropada təmsil edən Müsavat AKM-in ifşasından, eləcə də fəaliyyətinə son qoymasından sonra, araşdırmaları ilə təmsil olunduğu partiyasının qanunsuz əməllərini də üzə çıxaran jurnalist Yafəz Əkrəmoğlu çox qısa zamanda həmin siyasi təşkilatdan istefa verəcək.

Qeyd edək ki, Müsavat Partiyasının İcra aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Onu da xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, "Leqat" inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir. Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.

O cümlədən, saxta sənədlərlə Avropa ölkələrinə köçən digər şəxslər barədə də araşdırmalara başlanılıb, istintaq proseslərinə başlanılıb. İddialar var ki, Almaniyadan başqa Norveçdə, Fransada, Hollandiyada, Belçikada və s. ölkələrdə də saxta sənədlərlə mühacir statusu alaraq yaşamağa cəhd edən “müsavatçılar” kifayət qədərdir.

Rövşən NURƏDDİNOĞLU