Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb FOTO

12 Dekabr 2019 14:51 (UTC+04:00)

Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim təşkil edib. SİA-nın məlumatına görə, tədbirdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edib.

Əvvəlcə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər iştirakçılar Ümummilli Liderin mərkəzin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoyublar. Tədbir iştirakçıları Mərkəzdəki Heydər Əliyev muzeyinə baxıb, foyedə Ulu Öndərin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi iqtisadi uğurlarla bağlı foto və kitab sərgisi ilə tanış olublar.

Səfir Hüseyn Quliyev Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. O, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlamış Moskvadakı fəaliyyəti və ən nəhayət xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi sözün əsl mənasında xilas etməsi haqqında söhbət açıb. H.Quliyev deyib ki, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev ölkəmizi dünyaya tanıtdı, qısa müddətdə siyasi və iqtisadi islahatlara başladı, uğurlu nəticələr əldə edildi. Səfir Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da söhbət açıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, vaxtilə Ulu Öndərlə dostluq edən Xayitbəy Djabakov və başqaları Heydər Əliyevin xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib, qüdrətli dövlət xadiminin Azərbaycan və türk dünyası qarşısındakı xidmətləri haqqında danışıblar.

İctimai xadimlər Ravşan Nurmuxammedov, Tursuosi Jabborov, Nazim Karimov Heydər Əliyevin dünya şöhrətli siyasətçi kimi təhlil ediblər. Tələbələr Həzrətəli Sarızadə, Jasurbek Mardanov, Əzizə Nematillaeva, Heydər Əliyevə həsr olunan şeirlər oxuyublar.