""Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir"

12 Dekabr 2019 13:54 (UTC+04:00)

"Milli Şura" özünün zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmir. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruov bildirib ki, Azərbaycanda 50-dən artıq siyasi partiya var və bu partiyalardan 40-dan çoxu parlament seçkilərində iştirak edəcək: “Bundan əlavə, Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var və bu insanlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər, o cümlədən xaricdə təhsil alıb gəlmiş gənclər də seçkiyə böyük həvəs göstərirlər. Yəni namizədliklərini irəli sürmək üçün çox insanlar var".

S.Novruzov bildirib ki, "Milli Şura" bir yalnış informasiyanı cəmiyyətə sırımaq istəyir ki, guya onlar seçkidə iştirak etməsə, bu seçki qeyri-demokratik olacaq: "Dünyanın heç bir yerində, heç bir beynəlxalq hüquq normasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Seçki Məcəlləsində bununla bağlı bir müddəa yoxdur. Ona görə də kimin iştirak edib etməməsi öz hüququdur. "Milli Şura" getsin Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub insanlara düzgün təqdim etmir və seçkilərin üzərinə kölgə salmaq istəyirlər. Onların sosial bazası, elektoratı yoxdur, bilirlər ki, seçilməyəcəklər, çünki xalq etimad göstərməyəcək. Bu baxımdan da özlərinin zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər”.