"Heydər Əliyevi hakimiyyətə gətirən xalqa olan sevgisi idi" ÖZƏL-AÇIQLAMA

12 Dekabr 2019 11:10 (UTC+04:00)

"Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi respublikamızın həyatında dönüş nöqtəsidir". Bunu SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

Baş redakorun sözlərinə görə, Ulu Öndər öz zamanında xilaskarlıq missiyasını yerinə yetirib. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdiyi dövrdə çox ağır vəziyyətdə idi, dövlət faktiki olaraq dağılırdı və separatizm cəhdləri ölkəni içəridən parçalayırdı. Belə bir dövrdə həqiqətən də liderə ehtiyac var idi. O liderə ehtiyac var idi iki, o həm xalqın etimadını doğrultsun, həm də qəlbən Azərbaycana və öz xalqına bağlı olsun. O isə hələ 1969-cu illərdə öz fəaliyyəti ilə dövlətə və xalqa sevgisini çatdırmış Lider Heydər Əliyev idi. Bu səbəbdən 1992-ci il 16 oktyabrda 91 Azərbaycan ziyalısı “SƏS” qəzeti vasitəsilə Azərbaycanın müstəqilliyini qorumaq üçün Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Xalq özünə bir lider istəyirdi. Heydər Əliyev xalqın qəlbində idi. Hamı bilirdi ki, Azərbaycanı Heydər Əliyevdən başqa heç kim xilas edə bilməyəcək. Ümummilli Lider Heydər Əliyev “SƏS” qəzeti vasitəsilə Azəbaycanın xilas olması konsepsiyasını təqdim etdi. Orada hökumətin atmalı olduğu addımları, çıxış yollarını göstərdi. Mən bunu Azərbaycanın "xilas konsepsiyası" adlandırardım. O zaman xalq təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəyirdi və belə də oldu. Məhz Ulu Öndərin qayıdışı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, ölkəmizi bütün bəlalardan xilas oldu. O zaman Azərbaycanı Lider-xalq sevgisi xilas etdi, bu gün də ölkəmizin möhkəmlənməsinə, inkişafına xidmət edir".

B.Quliyev əlavə edib ki, o dövrdə iqtisadi, mədəni, mənəvi sahədə vəziyyət çox ağır idi və vətəndaş müharibəsi gedirdi: "Belə bir dövrdə Liderin ən böyük missiyası ondan ibarət idi ki, bu ağır gündə xalqının yanında olsun və Ulu Öndər bunu bacardı. Heydər Əliyevi hakimiyyətə gətirən xalqa olan sevgisi idi. Azərbaycanın ən böyük uğurları və qələbəsi budur ki, bugünkü Azərbaycan əbədi olaraq müstəqilliyinə qovuşub. Bu gün Azərbaycan sözün əsl mənasında dünyanın çağırışlarına cavab verən və regionda ən böyük, ən güclü dövlətə çevrilən bir Azərbaycandır. Çox yaxşı haldır ki, bu gün Ulu Öndərin bünövrəsini qoyduğu müstəqil Azərbaycan uğurla inkişaf edir. Cənab Prezident İlham Əliyev Ümummilli Liderin ən layiqli davamçısı kimi bu işi layiqincə yerinə yetirir. Ən əsası odur ki, Heydər Əliyev Fondu Ulu Öndərin xeyirxah əməllərini, irsini məharətlə davam etdirir, bu irsi yaşadır və gələcək nəsillərə ötürə bilir”.