Fransada minimum pensiya min avro olacaq

11 Dekabr 2019 20:03 (UTC+04:00)

Fransanın Baş Naziri Eduar Filipp 2022-ci ildən ölkədə minimum pensiyanın həcminin min avroya qaldırılacağını elan edib. Fransa telekanallarının yaydığı xəbərdə deyilir ki, hökumətin rəhbəri bu barədə pensiya islahatı haqqında qanunun müddəalarını şərh edərkən bildirib. Onun sözlərinə görə, islahatlar üç prinsipə - universallıq, bərabərlik və məsuliyyətlilik prinsiplərinə əsaslanır. Bununla yanaşı, Baş Nazir təsdiqləyib ki, ölkədə pensiya yaşı dəyişməyəcək və 62 yaş olaraq qalacaq. Yeni qanun 2022-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Xatırladaq ki, hazırda Fransada minimum pensiyanın miqdarı 636 avro təşkil edir.

Eduar Filippin televiziyadakı çıxışı pensiya islahatlarına qarşı dekabrın 5-dən başlayan miqyaslı etiraz aksiyaları fonunda səslənib. Aksiyalarda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edirlər.