Qaradağda Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi

10 Dekabr 2019 23:55 (UTC+04:00)

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, ilk öncə tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edib. Tədbirdə ilk öncə Ulu Öndərin zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Prezidentimiz İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğulayıb.

Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxışında Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək inkişaf edən bir ölkəyə çevirib. Aydın Hüseynov Heydər Əliyevin ən böyük xidmətlərindən birini YAP-ın yaradılması olduğunu da geniş şərh edib.

Natiq sonra qeyd edib ki, bu gün ölkəmiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.

Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdürü Munis Bayramov Heydər Əliyevin keçdiyi böyük və şanlı tarixi yolundan ətraflı danışıb. Həm birinci hakimiyyəti dövründə, həm də ikinci dəfə hakimiyyətə gəldiyi vaxt Azərbaycan xalqına bəxş etdiyi titanik və zəngin zəhmətinin bəhrələrindən tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, məhz Heydər Əliyevin sayəsində sivilizasiyalı, demokratik və hüquqi cəmiyyət qurulub, yeni Konstitusiya qəbul edilib, Azərbaycan ölkəmiz Avropa Şurasının üzvü olub. Azərbaycan bütün nailiyyətlərə Heydər Əliyevin sayəsində nail olub.