Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib YENİLƏNİB

10 Dekabr 2019 17:10 (UTC+04:00)

Bu gün Bakı Dövlət Universitetində Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib. SİA-nın xəbərinə görə, tədbirdən əvvəl Təhsil Nazirliyinin "BİR" tələbə-könüllüləri Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Forumda təhsil naziri Ceyhun Bayramov, BDU-nun rektoru Elçin Babayev, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Allassandro Frakasseti, millət vəkilləri, 400-dən çox tələbə-könüllü və digər qonaqlar iştirak ediblər.

Tədbir dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan BDU-nun rerktoru Elçin Babayev söyləyib ki, Azərbaycan dünya miqyasında çox önəmli ölkəyə çevrilib: “Lakin bununla yanaşı keçmişi də unutmamalıyıq. Azərbaycanda kadr potensialı illər öncə Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılıb. Hansı ki həmin kadrlar bu gün Azərbaycanın inkişafına töhfələr verir”.

BDU-nun 100 illik yubleyi ilə bağlı keçirilən mərasimdə Prezident İlham Əliyevin çıxışını xatırladan BDU rektoru ölkə başçısının nitqi zamanı böyük çağırışar etdiyini dlə gətirib: “Ölkə başçısı qeyd etdi ki, Azərbaycan heç kimdən asılı deyil və elə etməliyik ki, ölkəmiz bundan sonra da asılı olmasın. İqtisadiyyatımız daha güclü olmalıdır. Prezident İlham Əliyevin də söyədiyi kimi gənclərimizin vətənpərvər əsil kadr kimi yetişməsində müəllimlərin də rolu böyükdür. Belə gənclər ölkəmizi gələcəyə inamla aparacaqlar. Bugünkü gənclərin hər biri bu meyarlara cavab verirlər. Dövlət başçısı nitqində gənclərə yaşlılarla birgə olmağı tövsiyyə etdi.

E. Babayev vurğulayıb ki, 10 dekabr Beynəlxalq Könüllülər Günü BMT-nin 1986-ci ildə qəbul etdiyi qərar əsasında qeyd olunur: “Ötən illər ərzində ölkəmizdə də könüllülərlə bağlı mühüm proqram həyata keçirilib. Artıq onlarsız heç bir toplantı, tədbirlər keçirilmir. Hesab edirik ki, bu münasibətlər düzgün istiqamətdə formalaşır və gələcəyə istiqamətlənib. Könüllülük proqramı bütün bölgələri əhatə edir. Hər kəsə uğurlar arzu edir və bildirirəm ki hər zaman birlikdəyik”.

Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov söyləyib ki, Azərbaycanı gənclər ölkəsi adlandıra bilərik. Ölkə əhalisinin təxminən 50 faizi yaşı 30-dək olan şəxslərdir".

Nazir qeyd edib ki, ölkədə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti uğurla həyata keçirilir: "Könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır. Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb. Onlar savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar".

Onun sözlərinə görə, hazırda dünyada 1 milyona yaxın insan könüllülük hərəkatına qoşulub: "Dünyada hər 7 nəfərdən biri könülllüdür. Azərbaycanda da könüllülük son illərdə geniş vüsət alıb və bu hərəkat ilbəil artır. Azərbaycanın 11 regionundakı ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var. Bu, hər bir gənc üçün həyat kredosuna çevrilməlidir. Gənclər dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi, süni intellektin, innovasiyaların həyatımıza siraət etdiyi bir dövrdə yüksək ixtisaslı, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli mütəxəssis olmaq kimi vacib vəzifələri özləri üçün müəyyən etməlidilər. Bunlar əsas prioritetlər olmalıdır".

Tədbirin davamında çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Allassandro Frakasseti, bu il 100 illiyini qeyd edən BDU-da keçirilən tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib.

O bildirib ki, 10 dekabr Beynəlxalq Könüllülər günü bir sıra ölkələrdə qeyd olunur: “Könüllülər digər şəxslərin qayğısına yetişir, keyfiyyətin təmin edilməsinə çalışırlar. Bu gün dünyada təxminən 1 milyard könüllü insan var. Onlar hər gün yorulmadan çalışaraq cəmiyyətə töhfə verirlər. Onlar böhran baş verdiyi zaman bizim yardımımıza yetişən ilk insanlardır. Onlar yaşadığımız dünyanı daha yaxşı etməyə çalışırlar. Bu gün 8 minə yaxın BMT-nin könüllüsü çalışır. Onlar ekologiyadan tutmuş, səhiyyə sahəsinə qədər bütün digər sahələr üzrə fəaliyyət göstərirlər. Bu il qeyd edilən günün mövzusu inklüziv gələcək naminə könüllü olmaqdır”.