Bu gün Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi Günü ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri, eləcə də 150-ə yaxın sahibkar iştirak edib.
Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev əsası mummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatının əvvəlki illərdə olduğu kimi 2010-cu ildə də dinamik inkişaf etdiyini bildirib. O, qeyd edib ki, həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə işgüzar fəallığın daha da artması, əhalinin etibarlı sosial müdafiəsi təmin edilib. Z.İsayev bildirib ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfinfən müxtəlif nəzarət tədbirləri həyata keçirilir: "İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin əhəmiyyətini nəzərə alaraq Dövlət Xidməti tərəfindən 2010-cu və 2011-ci ilin ötən dövrü ərzində istehlakçıların və sahibkarların maarifləndirilməsi məqsədilə Bakı, Gəncə, Mingəçevir, Şirvan Xırdalan şəhərlərində, Cəlilabad, Quba, Şəmkir və Ağcabədi rayonlarında konfranslar keçirilib. İstehlakçıların hüquqlarına dair 20 adda 140 mindən çox, sahibkarların istehlakçı hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 9500 ədəd buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanılıb. Hazırda istehlakçıların maarifləndirilməsi üçün Azərbaycan televiziyası ilə birlikdə "Keyfiyyət möhürü" verilişi yayımlanır ki, bu da istehlakçıların maarifləndirilməsində əhəmiyyətli rol oynayır".
Konfransda Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB), Azad İstehlakçılar Birliyinin nümayəndələri və sahibkarlar çıxış ediblər. Çıxışlarda istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verilib, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müxtəlif təkliflər səsləndirilib.
Tədbirin sonunda iştirakçılara sahibkarların maarifləndirilməsinə dair müxtəlif broşurlar və yaddaş kitabçaları paylanılıb.
Qeyd edək ki, istehlakçı hüquqlarının qorunması məsələsi ilk dəfə 1962-ci ilin 15 martında ABŞ-ın eks-prezidenti Con Kennedi tərəfindən gündəmə gətirilib və onun əsas prinsipləri açıqlanıb. 1983-cü ildən etibarən isə hər il martın 15-i dünyada Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi Günü kimi qeyd olunur.