Vaan Ovanisyan: “Erməni cəmiyyətində ədalətsizlik hökm sürür və üsyana meyllilik var”

15 Mart 2011 23:38 (UTC+04:00)

Ermənistanda vəziyyət sosial partlayış həddindədir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Daşnaksütyun" Partiyasının parlament fraksiyasının lideri Vaan Ovanisyan deyib. Onun sözlərinə görə, cəmiyyətdə ədalətsizlik hökm sürür və üsyana meyllilik var. V.Ovanisyan insanların aclıqdan ayağa qalxacağını deyib.

 

İnqilabın baş verməsi ehtimalına gəlincə, o deyib ki, bu insanların istəyi və düşüncələri ilə bağlıdır. Bununla belə "Daşnaksütyun" Partiyasının parlament fraksiyasının lideri bunu hələ görmədiyinə təəssüf etdiyini bildirib: "Çevriləşə meyllilik nəticədə çevriləşə gətirib çıxara bilər. Amma bu partlayış nəticəsində inqilab baş verməyə bilər".

 

Erməni Milli Konqresinin 1 martda keçirdiyi mitinqdə səslənən tələblərə gəlincə, V.Ovanisyan vurğulayıb ki, bu tələblər 20 il ərzində çox səslənib: "Bu tələbləri xalq etməməlidir, tələblər sosial tələblərdir və bunlar hakimiyyətin diqqətində olmalıdır. Hakimiyyət sosial problemləri tələblər olmadan da həll etməlidir. Təəssüflər olsun ki, bizim hökumət hər zaman spekulyasiya hallarının baş tutmasına imkan yaradır. Bu isə onların hərəkətsizliyindən və düzgün olmayan siyasi kursundan irəli gəlir. Hökumət isə bu tələbləri yerinə yetirmək fikrində deyil".

 

Siyasi partiyaların inqilab proqnozlarına da toxunan V.Ovanisyan bu proqnozlarla razılaşmadığını dilə gətirib: "Bir neçə siyasi partiyanın xadimləri inqilabın keçən ilin payızında baş verəcəyini bildiriblər. Bir neçəsi isə hətta üsyanın dəqiq vaxtını söyləmişdilər, amma heç nə baş vermədi. Ona görə də bu cür fikirlərdən uzaq olmağa çalışıram".