"Mələk” tammetrajlı bədii filmi nümayiş olunub TƏDBİR-YENİLƏNİB

9 Dekabr 2019 18:30 (UTC+04:00)
Bu gün "Nizami” Kino Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin dəstəyi ilə “Mələk” tammetrajlı bədii filmi nümayiş olunub. SİA-nın verdiyi məlumata görə, təqdimat mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bu filmin “Qadın zorakılğına qarşı 16 günlük kampaniya” çərçivəsində hazırlandığını bildirib. Onun sözlərinə görə, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı zorakılıqla Beynəlxalq Mübarizə Günü) - 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır və gender əsaslı zorakılığın insan hüquqları pozuntusu olduğunu vurğulayır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi genış şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır. Qadınlara qarşı zorakılığın yolverilməz olduğunu deyən E.Səfərov bu baxımdan filmin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, qadınlara qarşı hər bir zorakılıq halı pislənilməlidir. Onun sözlərinə görə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərinə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur. Zorakılığa qarşı mübarizə ilə bağlı gənclər arasında maarifləndirmə işlərinə hər zaman ehtiyac olduğunu deyən S.Orucov qeyd edib ki, “Mələk” filmi cəmiyyətin maarifləndirilməsi baxımından çox önəmlidir.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə qeyd edib ki, dövlətimizin siyasətində gender bərabərliyinin təmin olunması prioritet məsələdir. Onun sözlərinə görə, ölkəmizdə məişət zorakılğına qarşı mübarizə sahəsində mükəmməl hüquqi baza mövcuddur. Bununla belə, “Mələk” filmi kimi yaradıcılıq nümunələri ictimaiyyəti maarifləndirmək üçün zəruridir.

Çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev də zorakılığa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə işlərinin gücləndirilməsinin vacib olduğunu söyləyib.

Tədbirdə həmçinin, “Mələk” filminin baş podüsseri Kənan Aydın və quruluşçu rejissoru Elmar Məmmədov çıxış edərək filmin ərzəyə gəlməsində dəstək göstərən hər kəsə minnətdarlıq ediblər.

Sonra film nümayiş olunub.