Cəbhəçilər Əli Kərimlini boykot edəcəklər

9 Dekabr 2019 17:21 (UTC+04:00)

Növbədənkənar parlament seçkilərində əksər siyasi partiyaların iştirak edəcəkləri barədə bəyanatlar və partiyaların açıqlamaları eşidilir, amma yenə də «Milli Şura» - AXCP bu prosesdən kənarda qalmağa və «boykot»a çağıran fikirlər səsləndirməyə başlayıblar. Söhbət etdiyimiz müsahiblərimizin, birmənalı mövqeləri ondan ibarət oldu ki, Əli Kərimli, Cəmil Həsənli və bu kimi şəxslər yenə də xarici maraqlı dairələrin sifarişi və göstərişi ilə hərəkət edir, onların tapşırıqlarını yerinə yetirirlər.

«Yurddaş» partiyasının sədri Mais Səfərli: «Radikal müxalifət xalqdan ayrı düşüb»

- Fevralın 9-da keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri Azərbaycan Konstitusiyasına və qanunlarına tamamilə uyğundur. Bu gün ölkədə Cənab Prezident çox böyük islahatlara start verib. Bu islahatların artıq iqtisadi səmərəsini, faydasını cəmiyyətin hər bir üzvi görməkdə, hiss etməkdədir və bu islahatlar davam edir. Bu islahatlar hakimiyyətin bütün qanadlarını əhatə edir və o cümlədən də, qanunvericilik hakimiyyəti olan Milli Məclisin fəaliyyətini də özündə ehtiva edir. Ona görə də, burda qeyri-adi heç nə yoxdur. Lakin bunun müxalifət düşərgəsini təmsil edən şəxslərin narazılıqla qarşılamaları və etiraz bildirmələri onların xalqdan ayrı düşdüklərinin göstəricisidir. Yəni müxalifətin radikal hissəsi həmişə böhtanlarla məşğul olub və olur. Hər zaman olduğu kimi, indi də parlamentin fəaliyyətinə qarayaxma kampaniyası aparırlar. Ümumiyyətlə, növbədənkənar seçkilərin keçirilməsini tələb edən kimlər idi, elə radikal müxalifət düşərgəsini təmsil edən şəxslərin özləri idi, sözügedən qüvvələrə sual vermək lazımdır ki, bu da meydan, yeni parlament seçkiləri keçirilir və əgər gücünüz varsa seçkiyə qatılıb, gücünüzü göstərin. Əgər onlar bu seçkilərə qatılmırsa, deməli, onların məqsədi bu seçkilərə qatılmaq deyil, sadəcə olaraq, başqa fəaliyyətləri olmadığı üçün anormal mövqe nümayiş etdirilər. Əgər müxalifət güclü olsaydı və seçkilərə hazır olsaydı, onda bu məsələlərə narazılıq etməzdilər. Ümumiyyətlə, onların bu seçkilərə qatılmamasının səbəbi qabaqcadan öz məğlubiyyətlərini görmələri idi. Yəni radikal müxalifət düşərgəsini təmsil edən şəxslər çox gözəl bilirlər ki, onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur və bu seçkilərdə də uğur qazanmaq şansları da sıfıra bərabərdir.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev: «Vaşinqtonda özünə təzə bığ qoyan Həsənov Cəmil də, artıq bu seçkilərə bağlı anormal çıxışlar etməyə başlayıb»

- Müxalifət düşərgəsini təmsil edən şəxslərin məqsədi ölkədə keçiriləcək bu seçkilərə kölgə salmaqdır. Yəni bu seçkilərə qeyri-legitimlik statusu vermək istəkləridir. Hər dəfə ölkədə bir seçki keçirilən zaman müxalifət düşərgəsini təmsil edən şəxslər başlayırlar hay-küy salmağa. Bunun Əlisə də, gedib Vaşinqtonda özünə təzə bığ qoyan Həsənov Cəmil də, artıq bu seçkilərə bağlı anormal çıxışlar etməyə başlayıblar. Demək olar ki, ömür boyu onlar bu cür xəyanətlərlə məşğul olub və olmaqda da davam edirlər. Amma onların nə istəmələrindən və nə etmələrindən asılı olmayaraq, onların heç vaxt məkrli planları baş tutmayacaqdır. Demək olar ki, adları çəkilən şəxslərin bu seçkilərə getməmələri xaricidən idarə olunan bir prosesdir. Bunun da başında Azərbaycan dövlətinin inkişafını istəməyən və ölkəmizin uğurlarına kölgə salmaq istəyən qüvvələr dayanır. Amma parlament seçkiləri şəffaf, demokratik şəkildə keçiriləcək və radikal müxalifətin məkrli planları baş tutmayacaq.
GÜLYANƏ