"Ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”

9 Dekabr 2019 13:18 (UTC+04:00)

"Ali təhsil müəssisələrinə qəbul 2020-2021-ci tədris ilindən etibarən artıq yeni təsnifat əsasında aparılacaq". SİA xəbər verir ki, bunu "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" nazirlər panelində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir müasir dünyada peşələrin və ixtisasların çox sürətlə dəyişdiyini qeyd edib. "Bunu nəzərə alaraq, müəyyən vaxtdan bir ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir. 2019-u ilin fevral ayında Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatı təsdiq edilib. Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyir", deyə Təhsil naziri bildirib.

C. Bayramov yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirən məzunların 70 faizinin qısa müddətdə əmək bazarına daxil olduğunu da diqqətə çatdırıb.

"Dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir. Müxtəlif ölkələrdə bu, 30-60 faiz arasında dəyişir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda sahibkarlıq, biznes etikası ilə bağlı bacarıqların formalaşdırılması vacibdir. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidir", deyə Təhsil naziri Ceyhun Bayramov vurğulayıb.