Gömrükdə narkotik vasitələr aşkarlandı

9 Dekabr 2019 12:58 (UTC+04:00)

Gömrükçülər narkotik vasitələr aşkarlayıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SİA-ya bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı onun üzərindən qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın daxili orqanı - düz bağırsağından 7 ədəd bükümdə, ümumi çəkisi 120 qram olan narkotik vasitə - heroin və çəkisi 28 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.