MSK-nın maarifləndirmə tədbirləri davam edir TƏDBİR

9 Dekabr 2019 12:50 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə proqramı çərçivəsində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi mövzusunda sonuncu seminar-müşavirə dekabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsində keçirilib. SİA-nın verdiyi məlumata görə, seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının, Daxili İşlər Nazirliyinin əməkdaşları, rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd seçki prosesində, eləcə də səsvermə günü polisin xidməti fəaliyyətini, polis orqanları ilə seçki komissiyalarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, bu istiqamətdə görülmüş işlərin səmərəliliyini daha da yüksəltməkdir. Diqqətə çatdırılıb ki, Azərbaycan polisi hər zaman olduğu kimi, seçkilər vaxtı da sabitliyin təmin olunmasında yaxından iştirak edəcək.

Mərkəzi Seçki Komissiyasının üzvləri Qabil Orucov və Ramiz İbrahimov çıxışlarında bildiriblər ki, bu kimi tədbirlər ənənəvi olaraq keçirilir. Qeyd edilib ki, seçkilər zamanı dairə seçki komissiyaları polis orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Bu seçkilərin də sabitlik şəraitində keçirilməsi təmin ediləcək.

Sonda seminar–müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.