Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni şöbə yaradılıb

15 Mart 2011 22:06 (UTC+04:00)

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni şöbə yaradılıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi hesabatında bildirilir. Yeni yaranmış Sumqayıt-Abşeron bölgəsi üzrə şöbəyə vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı 2011-ci ildə müsahibə də keçirilib. Sumqayıt-Abşeron bölgəsi üzrə şöbə müdiri vəzifəsini tutmaq üçün Dövlət Komitəsinə bir nəfər müraciət edib və müsahibədən uğurla keçib.
Müsahibə DQİDK əməkdaşlarının iştirakı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilib.
Qeyd edək ki, 2010-cu ildə DQİDK-nin digər bölgə şöbələri də əlavə ştatlarla təmin edilib.

2010-cu ildə ölkəyə qanunsuz idxal olunan dini təyinatlı zərərli ədəbiyyatın və əşyaların sayı nəzərəçarpacaq dərəcədə azalıb, müqəddəs kitabları öyrənmə kurslarına nəzarət gücləndirilib. 2010-cu ildə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) müvafiq ekspertizasına 1710 adda dini ədəbiyyat təqdim edilib. Onlardan 390 adda zərərli kitabın idxalı və yayılmasının qarşısı alınıb. Çap olunmaq məqsədi ilə ekspertizaya təqdim olunmuş 152 adda dini ədəbiyyata baxılaraq, 137-nin çapına razılıq verilib, 15 kitabın çapı isə məqsədəuyğun sayılmayıb.

Hesabat dövründə qanunsuz dini təbliğatla məşğul olan şəxslərə və qruplara qarşı respublikanın bütün bölgələrində tədbirlər hazırlanaraq həyata keçirilib. Nəticədə minlərdə ədəd zərərli dini ədəbiyyat müsadirə olunub, yerlərdə qanunsuz fəaliyyət göstərən zərərli təriqətlərə məxsus özəklərin fəaliyyəti dayandırılıb və dini təbliğatla məşğul olan əcnəbilər ölkədən deportasiya edilib.
Hesabatda dini maarifləndirə işlərinin aparılması barədə də məlumatlar yer alıb.