Cənubi Koreya KXDR-də həyata keçirilən humanitar yardım layihələri üçün Dünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları verəcək

8 Dekabr 2019 17:34 (UTC+04:00)

Cənubi Koreya şimal qonşusu Koreya Xalq Demokratik Respublikasında (KXDR) həyata keçirilən humanitar yardım layihələri üçün Dünya Səhiyyə Təşkilatına (DST) 5 milyon ABŞ dolları verəcək.

SİA xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik Nazirliyi məlumat yayıb. Vəsait Şimali Koreyada ana və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə yönəldiləcək.

“DST Şimali Koreyada 2014-cü ildə dayandırılan ana və uşaqlara tibbi xidmət yardımı layihəsini bərpa etmək niyyətini bildirib və bununla bağlı hökumətimizlə danışıqlar aparılıb. Hökumət Şimali Koreyada ana və körpə ölümünün sayı azaltmağa xidmət edən layihəyə töhfə vermək qərarına gəlib”, - deyə nazirliyin məlumatında qeyd olunur. İanə hökumət və vətəndaş cəmiyyətindən ibarət komitədə baxılıb və təsdiqlənib.

Qeyd edək ki, Cənubi Koreya DST-yə Şimali Koreyadakı layihələr üçün 2014-cü ilədək vəsait ayırıb. Lakin iki ölkə arasında münasibətlər pisləşdiyindən yardım dayandırılıb. Prezident Mun Ce-in hökuməti “Siyasət humanitar işlərə təsir göstərməməlidir” fikrini əsas götürərək, Şimali Koreyaya humanitar yardımları bərpa etməyi qərara alıb. İyunda Cənubi Koreya hökuməti Dünya Ərzaq Proqramının və UNİSEF-in Şimali Koreyada icra etdiyi humanitar layihələr üçün 8 milyon dollar ayırmışdı. Bu ianə də Şimali Koreyada ana və körpə ölümünün səviyyəsini azaltmağa yönəlib. UNİSEF-in hesabatına əsasən, 2017-ci ildə KXDR-də hər doğulan 1000 körpədən 9-u sağ qalmayıb. Onların da 44 faizi doğuşundan sonrakı ilk həftədə ölüb.

Rəsmi Seul ümid edir ki, bu cür dəstək iki ölkə arasında barışdırıcı əhval-ruhiyyənin möhkəmlənməsinə kömək edəcək.