Bu ilin 10 ayında Şəki rayonundakı otel və mehmanxanalarda 14,3 min nəfər turist yerləşdirilib

8 Dekabr 2019 04:01 (UTC+04:00)
Bu ilin 10 ayında Şəki rayonundakı otel və mehmanxanalarda 14,3 min nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 6,3 min nəfəri və ya 44,1 faizi Azərbaycan, 8 min nəfəri və ya 55,9 faizi xarici ölkə vətəndaşı olub. Otel və mehmanxanalarda yerləşdirilən şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 min nəfər və ya 25,4 faiz artıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsinin rəisi Qəşəm Kərimov məlumat verib. Qurum rəsmisi bildirib ki, on ayda Şəkinin otel və mehmanxanalarında yerləşən əcnəbi turistlər arasında Çin vətəndaşları üstünlük təşkil edib. Ötən müddətdə bu ölkənin 1921 nəfər vətəndaşı Şəkinin mehmanxana tipli müəssisələrində gecələyib. Ümumiyyətlə, on ayda otel və mehmanxanalarda yerləşdirilən xarici turistlər arasında Cənubi Koreya, Almaniya, Rusiya, Birləşmiş Ərəb Əmirliyi, Yaponiya, Fransa, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və İrandan olanlar üstünlük təşkil edib. Bu dövrdə Şəki şəhərində əhaliyə və turistlərə 16 otel və mehmanxana tipli müəssisə xidmət göstərib.