Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Gənclər Evində olub

7 Dekabr 2019 16:45 (UTC+04:00)

12 noyabr 2019-cu il tarixdə Prezident İlham Əliyevin sərəncamına əsasən Bakının Suraxını rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov vəzifəsindən azad olunaraq Şirvan şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, İlqar Abbasov Şirvan şəhərinə təyinatından sonra Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq şəhərdə əhali ilə mütəmadi görüşlər keçirib, ərazini gəzib, problemlərlə yerindəcə tanış olub.

Bu dəfə İlqar Abbasov Gənclər Evinə gələrək Şirvan şəhər Gənclər və İdman idarəsinin, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin kollektivi ilə görüşüb, onların fəaliyyəti ilə, gənclərlə işin təşkili istiqamətində görülmüş işlərlə və yaradılmış şəraitlə yaxından tanış olub. İcra Hakimiyyətinin başçısına “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində fəaliyyət göstərən dərnəklər, klublar, xidmətlər barədə ətraflı məlumat verilib.

İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Gənclər Evinin könüllüləri ilə görüşüb onların fəaliyyəti ilə daha yaxından maraqlanıb, gənclərin könüllü işlərə, tədbirlərə cəlb olunması, sıralarına daha çox gənclərin qoşulması və fəaliyyətlərinin stimullaşdırılması ilə bağlı fikirlərini bölüşüb, onların təkliflərini dinləyib.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı gənclər evlərinin fəaliyyəti ilə bağlı Prezidenti İlham Əliyevin irad, tapşırıq və tövsiyyələrini bir daha vurğulayaraq gənclərlə işin günün tələbləri səviyyəsində qurulması, onların asudə vaxtlarının səmərəli təşkili, intellekti yüksək, savadlı, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, onların Gənclər Evinə cəlb olunması istiqamətində keçirilən tədbirlərin sayının və keyfiyyətinin artırılması barədə tapşırıq və tövsiyyələrini verib.

İqbal Mikayılov