"Bu, parlamentimizin tarixində ilk hadisə idi" ÖZƏL-MÜNASİBƏT

7 Dekabr 2019 10:09 (UTC+04:00)

“Parlamentin əsas sütununu hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri təşkil edir. YAP Siyasi Şurasının qərarı ilə ölkədə aparılan çoxşaxəli kadr və struktur islahatlarına adekvat addım kimi seçkilərə bir il qalmış hazırkı parlamentin buraxılması məqbul sayıldı. Siyasi Şura hazırkı heyətin daha dinamik, çevik və bacarıqlı gənclərlə əvəzlənməli olduğunu vacib saydı. Eyni zamanda, aparılan islahatlara adekvat addım kimi qiymətləndirdi”. Bunu SİA-ya siyasi ekspert Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Milli Məclisdə böyük çoxluqla təmsil olunanların özünü buraxmaqla bağlı müraciəti parlamentdə dekabrın 2-də oxundu. Prezidentə müraciət ünvanlandı. Ölkə başçısı isə həmin müraciətə birbaşa münasibət bildirmədi. Konstitusiya məhkəməsinə göndərdi. Bu, ölkəmizin, eləcə də parlamentimizin tarixində ilk hadisə idi.

Politoloq deyib ki, islahatlar paralel aparılırsa, bu proses siyasi istiqamətdə də getməlidir: “Çünki iqtisadi islahatların getməsi, kadr potensialının dəyişməsi, üçün siyasi hakimiyyətdə qanunverici orqanlarda da islahatlara ehtiyac var. Məhz bu baxımdan parlamentin buraxılması, eyni zamanda, orada təmsil olunan fraksiyaların fəaliyyəti düşünürəm ki, prezident tərəfindən doğru dəyərləndirildi. Düzgün qiymətləndirildi. Belə bir addım atıldı”.

Ekspertin fikrincə, ölkə başçısı tərəfindən məhz Konstitusiya Məhkəməsinə müraciət edilməsi, onun konstitusiyaya uyğunluğunun hüquqşünaslar tərəfindən araşdırılması çox mühüm məsələdir: “Bir-iki millət vəkili oldu ki, Milli Məclisin hakim fraksiyasının özünü buraxması məsələsinə bitərəf qaldı, yaxud da əleyhinə səs verdi. Gələcəkdə hər hansı hüquqi pozuntu olmaması üçün və yaxud proseslərdə tam şəffaflıq yaranması üçün Konstitusiya Məhkəməsinin müvafiq qərarı olmalı idi. Ona görə də bu addım atıldı. Gələcəkdə daha doğru qərarlar qəbul edilməsi, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması, vətəndaşlarımızın rifahı üçün, eləcə də islahatlar baxımından bu cür proseslərin olmasını çox düzgün qiymətləndirirəm. Düşünürəm ki, bu təqdirəlayiq bir haldır”.

Bu arada onu qeyd edək ki, Konstitusiya Məhkəməsi Milli Məclisdəki hakim çoxluğun özü özünü buraxması ilə bağlı qərarını məqbul sayıb. Eyni zamanda, növbədənkənar seçkilərin keçirilməsini də məqsədəuyğun hesab edib.