"Xalqdan dəstəyi olmayan müxalifət heç nəyə nail ola bilmir" ÖZƏL-MÜNASİBƏT

7 Dekabr 2019 09:48 (UTC+04:00)

Müxalifətin seçkiləri baykot etmək imkanları yoxdur. Bunu SİA-ya müsahibəsində Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat xatırladıb ki, hər bir seçki ərəfəsində radikal müxalifət ənənəvi olaraq seçkiləri baykot etmək fikrini səsləndirir və ancaq onlar nəticədə heç nəyə nail ola bilmirlər, çünki, müxalifətin xalqdan dəstəyi yoxdur.

“Seçicilər bu insanları yaxşı tanıdıqlarına, əməllərinə, fəaliyyətlərinə yaxından bələd olduqlarına görə bir daha onların yalan vədlərinə inanmır, səslərinə səs vermirlər. Nəinki seçicilərin, bu insanların özləri bir-birinə inanıb etibar etmirlər. Bu qüvvələr bir balaca çətinə düşəndə köhnə ənənələrinə sadiq qalaraq bir-birilərini təhqir etməkdən, satqın adlandırmaqdan, sirlərini aləmə yaymaqdan belə çəkinmirlər. Bu il parlament və bələdiyyə seçkiləri ərəfəsində belə hallar müşahidə olunmaqda və təkrarlanmaqdadır. Müxalifət düşərgəsi yenə də “seçkilər demokratik, şəffaf keçirilməyəcək”, “kimlərin seçiləcəyi artıq çoxdan məlumdur”, “bizim səsimizi alacaqlar”, “formal seçkilərə getmək yaramaz” kimi mülahizələr dolaşır və əsası olmayan belə fikirlər social şəbəkələrdə geniş əks olunmaqdadır. Bu əlbətdə ki, seçki kompaniyasına kölgə salmağa, qara yaxmağa, müxalifətin ilk növbədə özünü sığortalamasına hesablanmışdır. Onlar seçkilərdə lazım olan səslərincüzi hissəsini toplamağa belə qadir olmadıqlarını yaxşı bilirlər. Axı fəaliyyət boş sözlə, hay-küylə, ara qarışdırmaqla, yalan, böhtan yaymaqla deyil, xalqa, ölkəyə fayda verməklə, əməli işlə, nəticələrlə, əyani faktlarla ölçülür. 30 il müxalifətdə olanlar isə bu müddətdə əllərini ağdan-qaraya vurmamış, ancaq xaricdən aldıqları qrantların hesabına özlərini dolandırmış, gün-güzəran düzəltmişlər. Belə olan halda xalq onların nəyinə etimad göstərməlidir? Hansı işlərinə qiymət verməlidir? Hər an uduzduqlarını hiss etdiklərinə görə radikal müxalifət, müxalif qüvvələr baykot yolunu seçməklə, yenə də siyasi oyunbazlıq edirlər. Əlbətdə bu önəmli deyil. Özünə inanan seçkilərdə qüvvəsini sınamalı, sözünü deməlidir. Oyunbazlığın isə axırı yoxdur”, deyə Tahir Rzayev bildirib.