Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsi bütün vətəndaşlarımız üçün əzizdir

6 Dekabr 2019 17:44 (UTC+04:00)

Azərbaycan xalqının Dahi Rəhbəri, xalqımızın Böyük Oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 16-cı ildönümü yaxınlaşır. Əsrarəngiz dühası ilə uca zirvələri fəth etmiş Ulu Öndərimizin parlaq xatirəsi bütün vətəndaşlarımız üçün əzizdir. Bunun əsas cəbəbi odur ki, xalqımızın əldə etdiyi uğurlar təkrarsız insan olan Ümummilli Liderimizin adı ilə bağlıdır. Xalqımız son dövrdə nə əldə etmişsə, irəliyə doğru inkişafda nə qazanmışsa, bunun bünövrəsi hələ ötən əsrin 70-80-ci illərində Dahi Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman qoyulmuşdur. 1993-cü ildə Ulu Öndərimizin müəyyən etdiyi ümumi strategiya respublikamız üçün uzunmüddətli tarixi quruculuq rolunu oynadı. Qədirbilən xalqımız bu fədakarlığın canlı şahididir, uğurlarımızı, dünya miqyasında əldə olunmuş nailiyyətləri Heydər Əliyev Fenomeni olmadan təsəvvür etmək mümkün deyildir.

Məhz Onun gərgin fəaliyyəti sayəsində ölkəmiz yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi bir məmləkətə çevrildi

Ulu Öndər Heydər Əliyevin çevik, ədalətli və prinsipial siyasət sahibi idi. Onun ən başlıca keyfiyyəti xalqımıza xas olan milli-mənəvi dəyərlərə ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirmək üçün bütün ömrünü millətin mədəni-mənəvi intibahına həsr etməsi idi. Tarix boyu alimlər, ədəbiyyatçılar, filosoflar öz xalqının mədəni tərəqqisi üçün çox iş görüblər. Amma dahi rəhbərimizin Azərbaycan xalqı üçün gördüyü işi heç kəs görə bilməyib. Məhz Onun gərgin fəaliyyəti sayəsində ölkəmiz yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi bir məmləkətə çevrildi.
Ulu Öndərimiz Heydər Əliyev bəşər tarixində siyasət Olimpinə yüksələn nəhəng xadimlərdən biridir və Onun həyat yolu doğma vətənə sədaqət nümunəsidir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, Onun dəyərli irsini örnək kimi qəbul etmişdir, çünki bu siyasətçilər hələ sovetlər dövründən Heydər Əliyevin nələrə qadir olduğunun şahidi idilər. Təkrarsız təşkilatçılıq qabiliyyətinə malik olan Ulu Öndərimiz o zamankı imperiyanın yeritdiyi siyasətin mahiyyətinə yaxşı bələd idi. Moskvada işləyərkən, bu siyasəti milli mənafelərə uyğunlaşdırmağı bacarırdı və elə onda respublikamızın gələcək siyasi müstəqilliyi üçün təməl hazırlayırdı. Müxtəlif sahələrdə işləyəcək kadr potensialını yaratmaq Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. O zamanlar ölkəmizdə neçə-neçə böyük zavodlar və fabriklər, sosial-mədəni yönümlü obyektlər fəaliyyət göstərirdi. Bu müdrik insan ötən əsrin 70-ci illərində qabağı görmüş, öz xalqına əsl atalıq qayğısı göstərmişdir. Azərbaycan, qısa zamanda, keçmiş İttifaqın ən qabaqcıl respublikasına çevrildi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ana yurdumuzun üzünə günəş doğdu

Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan dərin böhran içərisində çapalayırdı, elə problemlər yaranmışdı ki, bundan çıxış yolu tapmaq müşkül görünürdü. Həyat iflic vəziyyətə düşmüşdü və işsizlik əhalini acınacaqlı vəziyyətə gətirib çıxarmışdı. Bu vəziyyətin qarşısını almaq üçün respublikada elə bir səriştəli qüvvə yox idi, idarəçilik sistemini bütünlüklə iflic haldan xilas etməkdən ötrü güclü dövlət xadiminin yeri görünürdü. Yaxşı ki, xalq o vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevi təkidlə Bakıya çağırdı. Ulu Öndərimizin xalqın yekdil dəvəti ilə Bakıya qayıdışı Azərbaycanda əsaslı dönüşün təməlini qoydu. Beləliklə, böyük Yaradan Heydər Əliyevi taleyimizin ən çətin məqamında xalqımıza bir xilaskar kimi göndərdi və Onun gəlişi ilə ana yurdumuzun üzünə günəş doğdu. Labüd vətəndaş müharibəsinin və Azərbaycanı parçalamaq istəyən separatçıların qarşısı, məhz Ümummilli Liderimizin qətiyyətli tədbirləri nəticəsində alındı. Həmin tarixi andan başlayaraq xalqda öz gücünə, müstəqilliyinin dönməzliyinə inam artdı. Dahi Öndər Heydər Əliyevin ətrafında sıx birləşən xalqımız ruh yüksəkliyi ilə ölkənin problemlərini həll etməyə, dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin fəal iştirakçılarına çevrilməyə başladı. Anarxiya və xaos geniş quruculuq mərhələsi ilə əvəz olundu. Elə o vaxt dövlətçilik və müstəqilliyimiz naminə çox cəsarətli addımlar atıldı, eyni zamanda Avropaya inteqrasiya prosesi sürətləndi.
Dahi Öndər Heydər Əliyevi özündən əvvəlki rəhbərlərdən fərqləndirən əsas cəhətlərdən biri bu idi ki, O, fəaliyyətinin ilk çağlarından insanlarla mövqeyindən, təmsil etdiyi təbəqədən asılı olmayaraq, yaxın təmas qura bilirdi. Bu dahi şəxsiyyət xalqın böyük oğlu idi, ondan bir an olsun belə ayrı yaşaya birmirdi. Onun məşhur kəlamı dillər əzbəridir: "MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!" Bu, həm də o demək idi ki, Heydər Əliyevin ölkədə olan bütün proseslərdən, baş verən bütün hadisələrdən xəbəri vardı.

Onun irsi indi xalqımıza düzgün yol göstərir, bütün qələbələrimizin rəhninə çevrilmişdir

Ümummilli Liderimiz Azərbaycan xalqının qədim tarixinə, zəngin mədəniyyətinə arxalanan, onu dünyada yetərincə təbliğ edən böyük bir intellekt sahibi idi, özündən sonra nəhəng bir siyasi və mənəvi irs qoyub getmişdir. Bu irsin əsas mahiyyətini və məzmununu, böyük bir missiyanı Ulu Öndərin öz sözləri ilə belə xarakterizə etmək olar: "Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram". Buna görədir ki, Onun irsi indi xalqımıza düzgün yol göstərir, çünki bütün qələbələrimizin rəhninə çevrilmişdir. Bunu tarix sübut etmişdir, dahi rəhbərimizin arxalandığı və güvəndiyi yenilməz qüvvə keçilməz maneələri dəf edərək, xarüqələr yaradıb.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti o qədər hərtərəfli və genişdir ki, onları təfsilatı ilə söyləmək çətindir. Qısaca olaraq bunların bəzilərini qeyd etmək olar. Məsələn, 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektoruna məxsus karbohidrogen ehtiyatlarının xarici neft şirkətləri ilə birgə mənimsənilməsinə dair "Əsrin müqaviləsi" adlı nəhəng müqavilə imzalandı. Bu, Ulu Öndərin iqtisadi inkişaf konsepsiyasının əsas elementi, Azərbaycan xalqının gələcəyinin təməl prinsiplərindən biri oldu. Neft ixracı sayəsində Azərbaycana daxil olan milyardlarla dollar həcmində mənfəət hazırda xalqın daha yaxşı yaşamasına yönəlmişdir.

Ulu Öndərimiz bu gün cismən sıralarımızda olmasa da, pak və xeyirxah əməlləri, misilsiz xidmətləri gözümüz önündədir, hamımıza bəllidir

Xarici dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdə çevik, tarazlaşdırılmış siyasət yürüdən Ulu Öndər Heydər Əliyev Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmağa və bununla da, Azərbaycana diqqət və marağın qat-qat artırılmasına nail oldu. 1994-cü ildə Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşuldu. 2001-ci ildə Avropa Şurasına üzv oldu. Dövlət başçımızın səsi BMT-nin və digər nüfuzlu təşkilatların tribunasından eşidildi. Aparılan aqrar islahatlar, demokratik və hüquqi dövlət quruculuğu sahəsində, vətəndaşların sosial durumunun yaxşılaşdırılması istiqamətində qəbul edilən proqramlar, yoxsulluğun aradan qaldırılması yönündə görülən tədbirlər, misli görünməmiş işlər idi. Ulu Öndərimiz bu gün cismən sıralarımızda olmasa da, pak və xeyirxah əməlləri, misilsiz xidmətləri gözümüz önündədir, hamımıza bəllidir.
Ona görə də, hazırda böyük quruculuq tədbirlərini həyata keçirərkən, ölkəmizdə bərqərar olmuş əmin-amanlıq və sabitliyə, yüksək qayğıya sosial-iqtisadi inkişaf konsepsiyasına, səhiyyənin, təhsilin, mədəniyyətin tərəqqisinə, insanların həyat səviyyəsinin yüksəldilməsinə görə Ulu Öndər Heydər Əliyev dühasına minnətdarlığımızı dönə-dönə qeyd edirik.

Bizim borcumuz Ulu Öndər Heydər Əliyev ideyalarını bundan sonra da yaşatmaq, ləyaqətlə inkişaf etdirməkdən ibarət olmalıdır

Hazırda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi qətiyyətli, müdrik siyasi kurs Prezident İlham Əliyevin dövlətçilik bacarığı və əvəzedilməz rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edir, respublikamızın müstəqilliyi və suverenliyi daha da möhkəmlənir, ölkəmiz gündən-günə varlanır və vətəndaşlarımız daha firavan yaşayırlar.
Cənubi Qafqazın ən nüfuzlu ölkəsinə çevrilmiş Azərbaycan bütün sahələrdə inkişaf edir. İqtisadiyyatı möhkəmlənir, respublikanın investisiya cəlbediciliyi artır və sahibkarlıq inkişaf edir. Bu isə ölkəmizin həyatında daha yeni bir mərhələdir, davamlı və sabit inkişafımızın göstəricisidir. Deməli, regional güc mərkəzi kimi beynəlxalq məkanda aparıcı məkana çevrilən Azərbaycan postsovet respublikaları arasında, keçid dövrünü başa vuran ilk dövlət olduğu kimi, inkişaf etmiş ölkələrin cərgəsinə də ilk qoşulan ölkə olacaq. Deməli, Ulu Öndər Heydər Əliyevin vəsiyyətləri öz bəhrəsini vermişdir, Onun arzuları çiçəklənmiş, növbəti möhtəşəm vəzifələrin yerinə yetirilməsi yolunda nurlu mayaka çevrilmişdir. Bizim borcumuz Heydər Əliyev ideyalarını bundan sonra da yaşatmaq, ləyaqətlə inkişaf etdirməkdən ibarət olmalıdır. Nə qədər ki, Azərbaycan xalqı var, Ulu Öndərimizin parlaq xatirəsi daim qəlbimizdə yaşayacaq, onun mübariz əməlləri yüz illər bundan sonra da nəsillərə örnək olacaqdır.

RƏFİQƏ KAMALQIZI