"650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır" Bəhruz Quliyev

6 Dekabr 2019 17:37 (UTC+04:00)

"Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyasına başlanılıb. Bu kampaniyanın ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutması bir neçə mühüm məsələləri önə çıxarmış olur". Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərnə görə, Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği və xatirəsinin əbədiləşdirilməsi yönündə reallaşdırılan bu təşəbbüs bilavasitə xalqımızın ədəbiyyata, ədəbi tarixinə, həmçinin mədəniyyət irsinə göstərilən xüsusi diqqətinin bir parçasıdır: “Burada Mehriban xanım Əliyeva tərəfindən bütün regionlarımızın bu cür böyük kampaniyaya cəlb edilməsi təşəbbüsünün irəli sürülməsi xalqımızın, ictimai xadimlərimizin, habelə xarici diplomatik korpus nümayəndələrinin də həmin təşəbbüsə böyük dəstək göstərmələri dahi şairimizin xatirəsinin əbədiləşdirilməsi yönündə atılan və mahiyyətcə böyük olan addımdır. Lakin daha bir məqama toxunaraq qeyd etmək istərdim ki, 650 min ağacın əkilməsi eyni zamanda ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına, bütövlükdə isə insanların sağlam həyat sürmələrinə edilən bir çağırış olaraq da qiymətləndirilməlidir.

Bəhruz Quliyev onu da xatırladıb ki, ümumiyyətlə bu kimi təşəbbüslər Mehriban xanım Əliyeva tərəfindən ilk dəfədir ki, irəli sürülmür: “Bu günə qədər onlarla bənzər ağacəkmə kampaniyaları reallaşdırılıb və bütün bunların kökündə isə xatirinizdədirsə, “Hərəyə bir ağac əkək” şüarı dayanır. Bax, bu şüarın hazırkı zamanımızda dahi şairimiz İmadəddin Nəsiminin adı ilə davam etdirilməsi əlbəttə ki, bizlərdə böyük ruh yüksəkliyi, fəxarət, qürur hissi oyadır. Bu baxımdan, düşünürəm ki, gələcəkdə də müxtəlif tanınımş və tariximizdə rol almış dahi şəxsiyyətlərimizin xatirələrinə həsr olunmuş ağacəkmə kampaniyaları həyata keçiriləcək və bu kampaniyaların hər biri Mehriban xanım Əliyevanın bütün dünyaya örnək olaraq reallaşdırılan əhəmiyyəti təşəbbüsləri ilə baş tutacaq”.