Şirvanda "650 min ağac əkək" kampaniyasına start verilib

6 Dekabr 2019 13:25 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda keçirilən “Bir gündə 650 min ağac əkək” kampaniyasına Şirvan şəhərinin sakinləri də qoşulublar. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi kampaniya ilk öncə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.

Sonra məktəblilərin hazırladığı "flaşmob" təqdim olunub. Şirvan şəhərinin giriş hissəsində hüquq mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, könüllü gənclərin bayram əhval ruhiyyəsində ağac əkmə kampaniyası keçirildi. İdmançıların, mədəniyyət işçilərinin hazırladığı proqramlar tədbir iştirakçılarında əsil bayram ovqatı yaratdı. Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhər ictimaiyyətini bayram münasibəti ilə təbrik edib.

Bildirib ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu il tanınmış görkəmli şairimiz İmadəddin Nəsiminin 650 illik yubleyi ilə əlaqədar "Nəsimi ili" elan olunub: "Azərbaycanın həm xaricində həm daxilində İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatında rolundan, yaratdığı əsərlər barəsində keçirilən tədbirlərdə geniş bəhs olunub. Bu gün 1-ci vitse prezidentimiz Mehriban Əliyevanın təşəbbüsü ilə respublikamızda bir gündə 650 min ağac əkək kampaniyası keçirilir və bizdə sizlərlə bu təşəbbüsə qoşulmuşuq. Ekoloji cəhətdən şəhərimiz üçün bu günki ağac əkmə kampaniyası çox əhəmiyyətlidir və bundan sonrada davam edəcəkdir", - deyən İlqar Abbasov sakinləri bir daha bayram münasibəti ilə təbrik edib.

İqbal Mikayılov