Regionlara investisiyanı necə cəlb edək? RƏY-ÖZƏL

6 Dekabr 2019 14:27 (UTC+04:00)

“İcra başçıları bilməlidirlər ki, regionlara investisiyaların cəlb olunması, müvafiq biznes fəaliyyətinin təşkil edilməsi, eyni zamanda, yeni iş yerlərinin açılması, gəlir gətirən sahələrin yaradılması kimi işlərin Bakıda həll olunacağını gözləmək düzgün deyil. Ölkə başçısı da bir neçə dəfə icra başçılarına, bölgələrdə fəaliyyət göstərən biznesmenlərə müraciət edib ki, onlar yerli və xarici investorlarla birgə işləməkdə maraqlı olsunlar”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, hətta Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ilə bağlı iclaslarda da bu məsələyə toxunub.

Ekspert qeyd edib ki, dövlət başçısı dəfələrlə çıxışı zamanı qeyd edib ki, hər bir işin paytaxt tərəfindən icra olunmasını gözləmək bugünkü çağırışlara cavab vermir: “Ümumiyyətlə, hər regionun icra başçısı maraqlı olmalıdır ki, orada sahibkarlıq fəaliyyəti inkişaf etsin. İcra başçıları bununla bağlı əhali arasında müəyyən çağırışlar etməli, onlar arasında təbliğat işi aparmalıdırlar. Dövlət başçısı tərəfindən təyin olunan icra başçılarından tutmuş, bələdiyyələrə qədər regionlara investisiyaların cəlb edilməsində maraqlı olmalıdırlar”.