“Multikulturalizm Azərbaycanda həyat tərzidir” FOTOLAR

6 Dekabr 2019 10:46 (UTC+04:00)

Qusarda Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı regional festival keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, festivalın əsas məqsədi ölkəmizin zəngin mədəni iris və multikulturalizm ənənələrinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də regionlararası mədəni mübadilənin gücləndirilməsidir. Tədbirdə ölkəmizin şimal regionunda fəaliyyət göstərən müxtəlif azsaylı xalqlara məxsus folklor kollektivləri və ifaçıları çıxış ediblər.

Tədbirdə çıxış edənlər multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu qeyd ediblər. Bildirilib ki, Azərbaycanda, eləcə də şimal rayonlarında müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları birgə yaşayır, fəaliyyət göstərirlər. Burada multikultural dəyərlər, ənənələr qorunub saxlanılır.

Festivalda, ümumilikdə 20-yə yaxın müxtəlif azsaylı xalqlara məxsus folklor kollektivləri və ifaçıları çıxış edib.

Qusar Mədəniyyət Mərkəzində təşkil edilən xalq yaradıcılığı nümunələrinin sərgisi və folklor kollektivlərinin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.