Filarmoniyada xeyriyyə konserti təşkil olunub FOTOLAR

6 Dekabr 2019 09:23 (UTC+04:00)

Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı Erdi Tamaş (Macarıstan) və Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti olub. SİA-nın məlumatına görə, konsert Macarıstanın ölkəmizdəki səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi iki ölkə arasında mədəni əlaqələrdən danışıb. Bildirib ki, belə tədbirlər qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verir.

Qeyd edilib ki, uşaq ikən görmə qabiliyyətini itirməsinə baxmayaraq, bu özəlliyi Tamaş üçün sevdiyi sənətlə məşğul olmaq və olduqca uğurlu karyera qurmağa əngəl yaratmadı. O, tez-tez dünyanın fərqli qitələrində konsertlərlə çıxış edir və tamaşaçılar tərəfindən alqışlarla qarşılanır.

Konsert çərçivəsində macarıstanlı musiqiçi azərbaycanlı həmkarı və dostu, dünyaca məşhur dirijor, Əməkdar artist Əyyub Quliyevlə səhnəni paylaşıb.

Ə.Quliyev bir çox məşhur xarici simfonik orkestrlə, o cümlədən Royal Filarmoniya Orkestri, Fransa Radiosu Filarmonik Orkestri, Vyana Kamera Orkestri, Mariinski Teatrının Simfonik Orkestri və digərləri ilə əməkdaşlıq edir. Bununla yanaşı o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi direktorudur.

Tamaş Erdi ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edir. Konsert klassik musiqi sevənlərin zövqünü oxşamaqla yanaşı, sırf xeyriyyə məqsədi daşıyır. Bilet satışından əldə olunan bütün gəlir Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin ehtiyaclarının qarşılanması və sağlamlıq imkanları məhdud olan uşaqlar və 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün Brayl lövhələrinin alınmasına yönləndiriləcək.

Konsertin xeyriyyə məqsədinə dəstək olaraq tədbirin bədii hissəsindən sonra Dövlət Filarmoniyasının foyesində Macarıstan səfirliyi tərəfindən kiçik xeyriyyə yarmarkası təşkil olunub. Yarmarkada tədbirə özəl gətirilmiş qış mövsümünün başlanğıcını simvolizə edən Macarıstan təamları və şirniyyatları satışa çıxarılıb.

Xatırladaq ki, 2018-ci ildə Macarıstanın ölkəmizdəki səfirliyi, “Nargis” jurnalı və Fondunun birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçirilib. Tədbirdən əldə olunmuş bütün vəsait 5 nömrəli respublika xüsusi internat məktəbində oxuyan sağlamlıq imkanları məhdud uşaqlar üçün Brayl çap maşının əldə olunmasına yönəldi.