“Azərsu” sədri Tehranda Azərbaycanın su sektorundakı fəaliyyəti ilə bağlı məlumat verib

6 Dekabr 2019 02:26 (UTC+04:00)
Dekabrın 5-də Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin idarə heyətinin 10-cu toplantısı keçirilib. SİA xəbər verir ki, toplantıda Azərbaycan və İran ilə yanaşı, Türkiyə, Pakistan, Əfqanistan, İraq, Almaniya, İsveçrə, Şri-Lanka, Əmman, Liviya, Qırğızıstan, Banqladeş və digər dövlətlərin müvafiq qurumlarının rəhbər şəxsləri olmaqla ümumilikdə 17 ölkənin nümayəndəsi iştirak edib. Həmçinin tədbirə UNESKO, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin inkişaf proqramı, Ümumdünya Meteorologiya Təşkilatın nümayəndələri də iştirak ediblər. Toplantını giriş sözü ilə açan İranın energetika naziri Rza Ərdakanian müasir dünyada ekoloji vəziyyətin dəyişməsindən və suya tələbatın artmasından danışıb. Qeyd olunub ki, bu gün lazımi tədbirlər görülməsə gələcəkdə insanlar təmiz su çatışmazlığı problemi ilə üzləşəcəklər. Bu, bütün ölkələrin problemi olmalı və onun aradan qaldırılması üçün birgə səylər göstərilməlidir. Bugünkü toplantının məqsədi ondan ibarətdir ki, region ölkələri şəhərlərin təmiz su ilə təminatını dayanıqlı etsinlər. Sonra digər dövlətlərin təmsilçiləri mövcud problemlər və onların həlli yollarından danışıblar. Nəzərə çatdırılıb ki, problemin həlli region dövlətlərinin əməkdaşlığı ilə mümkündür. Azərbaycanı tədbirdə təmsil edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanın təşkilatın idarə heyətinə üzv qəbul edildiyi üçün təşəkkürünü bildirərək, ölkəmizdə su sektorunun inkişafı və perspektivləri, o cümlədən dövlətin bu sahəni daim diqqətdə saxlaması ilə bağlı toplantı iştirakçılarını məlumatlandırıb. O qeyd edib ki, Azərbaycanda su ehtiyatları məhduddur və bu ehtiyatların 70 faizi transsərhəd çayların payına düşür. Əhalinin artımı, sənaye və kənd təsərrüfatının inkişafı nəticəsində su ehtiyatlarından istifadə sürətlə artır. Beynəlxalq təşkilatların proqnozuna görə 2050-ci ildə planetimizin hər 4 sakinindən biri içməli su çatışmazlığından əziyyət çəkəcək. Bunları nəzərə alaraq, Azərbaycanın su strategiyasında transsərhəd çay hövzələrinin su ehtiyatlarının çirklənmə və tükənmədən mühafizəsi mühüm yer tutur. Hesab edirik ki, dövlətlərin maraqlarının yaxınlaşdırılması transsərhəd çay sularından birgə istifadə haqqında qəbul edilmiş ümumi beynəlxalq-hüquqi sənədlərə və əlaqələndirilmiş regional su siyasətinə əsaslanmalıdır. Belə vacib sənədlərdən biri BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Konvensiyadır. Azərbaycan bu Konvensiyanı 2000-ci ildə ratifikasiya edib, onun "Su və sağlamlıq" Protokoluna isə 2002-ci ilə qoşulub. Q.Hüseynov nəzərə çatdırıb ki, Kür-Araz çayları hövzəsində yerləşən ölkələrdən yalnız Azərbaycan Helsinki Konvensiyasına qoşulub. Azərbaycan transsərhəd su siyasətini bu Konvensiyaya görə və qonşu ölkələrlə ikitərəfli müqavilələr əsasında qurur. İran ilə bu sahədə əməkdaşlığı 1963-cu ildən başlayıb. Ötən dövr ərzində tərəflərin iştirakı ilə "Araz" su anbarı və "Mil-Muğan" hidroqovşağı istifadəyə verilib. Araz çayı üzərində yeni inşa olunan "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının istismarının razılaşdırılması üçün 2016-ci il fevralın 23-də imzalanmış sazişə uyğun olaraq Birgə Texniki Komissiya yaradılıb. Eyni zamanda iki ölkə arasında Ordubad-Marazad Su Elektrik Stansiyasının tikintisi davam edir. Samur çayı ilə əlaqədar Rusiya ilə saziş imzalanıb, Kür çayı ilə bağlı Gürcüstan ilə ikitərəfli müqavilə üzərində iş aparılır. "Azərsu" ASC-nin sədri qeyd edib ki, Ermənistanla yaranmış münaqişə nəticəsində transsərhəd çayların su ehtiyatlarından səmərəli istifadə mümkün deyil. Bu münaqişə Azərbaycanı bəzi yerli su mənbələrində məhrum edib. Buna misal olaraq su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarını və digər su obyektlərini göstərmək olar. Nəzərə çatdırılıb ki, bu gün Azərbaycanın su infrastrukturunun yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Hazırda su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi və içməli su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Prezident İlham Əliyevin xüsusi tapşırığına uyğun olaraq 2013-cü ildə regionun ən müasir laboratoriyalarından biri və 2015-ci ildə ultrasüzgəc texnologiyasına əsaslanan və məhsuldarlığı sutkada 570 min kubmetr olan sutəmizləyici qurğular kompleksi istifadəyə verilib. Bununla yanaşı ölkəmizdə sudan qənaətlə istifadə texnologiyaları sürətlə inkişaf etdirilir və qeyri-ənənəvi su mənbələrindən istifadə istiqamətində tədqiqatlar aparılır, eksperimental qurğular inşa olunur. Daha sonra Regional Mərkəzin qarşısında duran digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və növbəti illər üzrə fəaliyyət planı müzakirə olunaraq təsdiq edilib.