Daşkəsəndə ağacəkmə aksiyasına hazırlıq gedir

5 Dekabr 2019 18:02 (UTC+04:00)

Bu gün Daşkəsəndə havanın şaxtalı olmasına və güclü qar yağmasına baxmayaraq, Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə rayon ərazisində sabah – dekabrın 6-da keçiriləcək ağacəkmə aksiyasına şərait yaradılması məqsədilə bütün hazırlıq işləri görülür.

Hazırlıq işləri ilə yerində maraqlanan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev KİV-ə verdiyi müsahibəsində deyib: “Son günlər Daşkəsən rayonu ərazisində küləklə müşayiət olunan intensiv qarın yağması nəticəsində bəzi problemlər yaranıb. Buna baxmayaraq biz, daşkəsənlilər sabah – dekabrın 6-da dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar rayon ərazisində ağacəkmə aksiyası keçirəcəyik. Daşkəsən rayonu ərazisində keçiriləcək ağacəkmə aksiyasında, çoxsaylı ağacların əkilməsində idarə, müəssisə və təşkilatların kollektivləri, bir sözlə, rayon ictimaiyyəti yüksək səviyyədə iştirak edəcəkdir. Bu qarlı-şaxtalı havanın bizə heç bir təsiri olmayacaq, ağacəkmə aksiyasının keçirilməsi ilə bağlı işlərimiz tam hazır vəziyyətdədir”.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq rayon mərkəzində, o cümlədən kəndlərarası avtomobil yollarında qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparılıb. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilib. Qazın, elektrik enerjisinin və içməli suyun verilişində fasilələr yaranmayıb. Rayonun bütün idarə, müəssisə və təşkilatları işlərini hava proqnozlarını nəzərə almaqla qururlar.

Rayon İcra Hakimiyyətinin baçısı Əhəd Abıyev iqlim şəraitinin kəskin surətdə dəyişməsi, şaxtalı, qarlı havanın olması ilə bağlı Daşkəsən şəhər 5 saylı körpələr evi-uşaq bağçasında olub, bağçadakı istilik təchizatının vəziyyəti ilə bağlı rayon üzrə verilmiş tapşırıqların icrasnı yerində yoxlayıb.

Rayonun məktəblərində və uşaq bağçalarında istilik, qaz, elektrik, su məsələlərinin yüksək səviyyədə həlli ilə bağlı göstərilən diqqət və qayğıya görə kollektivlər ölkə rəhbəri Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daşkəsən RİH-in başçısı Əhəd Abıyev şəhid ailəsinə baş çəkib

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun Polis Şöbəsinin rəisi Azay Ağayev və SHXÇDX-nin rayon bölməsinin rəisi Aqşin Xançanovla birgə 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçu Vəliyev Zülfü Yaqub oğlunun ailəsinə baş çəkib, şaxtalı hava ilə əlaqədar məişət şəraiti və ehtiyacları ilə maraqlanıb, maddi köməlik göstərib.

Daşkəsən şəhərində yaşayan şəhidin anası Tahirə Vəliyeva ilə görüşən, onunla çay süfrəsi arxasında söhbət edən rayon rəhbəri bildirib ki, Vətən uğrunda şəhid olanların həyatı gənclərə örnək təşkil etməlidir. “Bütün Azərbaycan xalqı onların ruhu qarşısında baş əyir. Şəhidlərimiz milllətimizin və tariximizin yaddaşında daim yaşayacaq və böyük sevgi ilə xatırlanacaqlar. Şəhid Zülfü Vəliyev düşmənlə vuruşaraq torpaqlarımızı qoruyub və şəhid olub. Daşkəsəndə onu tanıyanlar və hərbi xidmət yoldaşları onu mərd, vətənpərvər bir oğul kimi xatırlayırlar” - deyə Əhəd Abıyev şəhidə Allahdan rəhmət diləyib, ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Əhəd Abıyev Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qisasının alınacağını və düşmənə hər an layiqli cavab veriləcəyini qeyd edib.

Şəhid anası Tahirə Vəliyeva torpaqlarımızın müdafiəsi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət tərəfindən daim göstərilən xüsusi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.