Muzeylər maddi-mənəvi sərvətlərimizdir

5 Dekabr 2019 16:53 (UTC+04:00)

Dövlət başçısının Sərəncamı ilə ölkədə tarix elminin inkişafına layiqli töhfələr verən Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd olunacaq

Muzeylər milli özünəməxsusluğu nümayiş etdirən, milli-mənəvi dəyərləri toplayan, keçmişlə bağlı həqiqətləri təcəssüm etdirən, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır. Muzeylərimiz zəngin sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi bir məkandır. Bu gün tarixi özündə yaşadan sərvətlərimiz dövlətimiz tərəfindən qorunur və diqqət daha da artır. Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 dekabr tarixli Sərəncamı bunun bariz nümunəsidir. 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi - İstiqlal" təşkil edilir. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlayır. 1921-ci ilin may ayından isə ilk tamaşaçılarını qəbul edir.
Bu gün muzeyin yaradılma tarixindən 100 il ötür. Sərəncama əsasən, Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni nailiyyətlərinin təbliğinə, həmçinin, ölkədə tarix elminin inkişafına layiqli töhfələri nəzərə alınaraq, Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Bakının memarlıq baxımından qiymətli tikililərindən sayılan binada yerləşmiş muzeyin tarixi-mədəni irsimizin misilsiz yadigarlarının mühafizə olunduğu zəngin elmi fondlarında hazırda üç yüz mindən artıq eksponat saxlanılır. Muzey əməkdaşları tarix, muzeyşünaslıq və numizmatika istiqamətlərində araşdırmalar aparmaqla yanaşı, arxeoloji qazıntılar nəticəsində, Azərbaycan tarixinə dair bir sıra abidələr üzə çıxarmış və əsaslı surətdə tədqiq etmişlər. Muzey çoxşaxəli fəaliyyətini bu gün də tarix elminin yeni nailiyyətləri və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunmuş prinsipləri zəminində müvəffəqiyyətlə davam etdirir.
Muzeydə hal-hazırda altı şöbə - Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin ekspozisiyası, Azərbaycanın yeni dövr tarixinin ekspozisiyası, Azərbaycanın ən yeni dövr tarixinin ekspozisiyası, Etnoqrafiya, Numizmatika və Epiqrafika, Elmi-ekskursiya və kütləvi işlər şöbələri fəaliyyət göstərir. 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla, müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olundu. 2007-ci ildə öz qapılarını yeni ekspozisiya ilə tamaşaçıların üzünə açan muzey Azərbaycan tarixinin daha ətraflı və obyektiv təqdim olunması məqsədilə elmi tədqiqat və mədəni-maarif işlərini bir qədər də genişləndirmiş, fəaliyyətini elmin inkişafı üzrə Milli Strategiyaya uyğun qurmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyi mühüm mədəni-maarif və elmi- tədqiqat mərkəzi kimi, yarandığı vaxtdan etibarən, uğurlu inkişaf yolu keçib. Respublikanın bu ilk ən böyük muzeyinin Azərbaycan xalqının qədim zamanlardan müasir dövrə qədərki tarixinin bütün mərhələlərini əks etdirən mədəniyyət nümunələrinin toplanılması, qorunması, nəşri, ekspozisiya və sərgilərdə nümayişi sahəsində diqqətəlayiq xidmətləri vardır.
Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərimizin həyatlarını, yaradıcılığını, fəaliyyətlərini özündə əks etdirən muzeylər keçmişimizi özündə yaşatmaqla, gələcəyə böyük soraqlar aparır.

Zümrüd BAYRAMOVA